Dərc olunub: 24.05.2025

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı növbəti mötəbər tədbirə ev sahibliyi etdi. Belə ki 23 mayda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və maarif xadimi Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim…” Respublika elmi konfransı keçirildi.

İlk olaraq tədbir iştirakçıları Seyid Əzim Şirvaninin məzarını ziyarət edərək görkəmli şairin xatirəsini dərin ehtiramla yad etdilər.

Daha sonra konfransın Şamaxı rayon İcra Hakimiyyəti, ADPU və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə keçirilən açılış mərasimi Şamaxı rayon Mədəniyyət mərkəzində baş tutdu. Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin, ADPU  və onun Şamaxı filialının rəhbərliyi, Azərbaycan Yazıçıları Birliyinin Şirvan bölməsinin şair və yazarları, respublikanın nüfüzlu elm və təhsil ocaqlarından alim və tədqiqatçılar, Şamaxı təhsil nümayəndələri, filialın kollektivi, məzunları və  tələbələri iştirak edirdi.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, Seyid Əzim Şirvani kimi şəxsiyyətlərin irsi bu gün gənc nəslin tərbiyəsində, onların milli-mənəvi dəyərlərlə yetişməsində əvəzsiz rol oynayır. O, belə tədbirlərin yalnız bir ədibin yubileyinin qeyd olunması ilə kifayətlənmədiyini, həm də milli kimliyimizin möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi.

ADPU-nun rektoru professor Cəfər Cəfərov isə Seyid Əzim Şirvaninin maarifçilik fəaliyyəti və pedaqoji fikirləri üzərində dayandı. O, şairin məktəb və müəllim anlayışlarına verdiyi önəmi, onun müasirlərinə ünvanladığı maarifçi çağırışları bu gün də müəllim hazırlığında öz aktuallığını qoruduğunu bildirdi.

Prezident təqaüdçüsü, filoloq alim, tanınmış şairə, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə xanım Hüseynova konfransdakı çıxışında Seyid Əzim Şirvaninin ədəbi irsinə filoloq gözü ilə yanaşaraq, onun klassik Azərbaycan poeziyasında tutduğu mühüm mövqedən bəhs etdi. O bildirdi ki, Seyid Əzim Şirvani təkcə dövrünün deyil, ümumilikdə Azərbaycan ədəbiyyatının böyük söz ustadlarından biridir. Mahirə xanımın sözlərinə görə, şairin yaradıcılığı həm forma, həm də məzmun baxımından zəngin olmaqla, realizm, satira və didaktikanın uğurlu vəhdətini təcəssüm etdirir. O, Seyid Əzimin poeziyasını xalqın ruhuna yaxın edən əsas cəhətin onun dili və xalqın gündəlik həyatından doğan mövzuları ustalıqla qələmə alması olduğunu vurğuladı.

ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova çıxışında konfransın elmi, pedaqoji və mənəvi əhəmiyyətindən bəhs edərək bildirdi ki, dəyişən və qloballaşan dünyada xalqın təməl prinsipləri – ana dilinə sevgi, şəxsiyyətə hörmət, mənəvi dəyərlərə sadiqlik, elmə təşviq hər zaman aktualdır. Seyid Əzim bu prinsiplərin daşıyıçısıdır. Onun ideyaları Azərbaycan müəllimi üçün də bələdçidir.

Çıxışlarda “Aləmdə səsim var mənim…” çağırışının yeni elmi axtarışlara yol açacağına əminlik ifadə olundu.

Açılış mərasimi Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblının və Şamaxı filialının tələbələrinin ifasında Seyid Əzim Şirvaninin qəzəllərindən ibarət kompozisiya ilə davam etdirildi. Kompozisiya böyük maraqla qarşılandı.

Konfrans öz işini 6 bölmədə ümumilikdə 200-dən artıq məqalə sayı ilə  ADPU-nun Şamaxı filialında davam etdirdi. Tədqiqatçılar Seyid Əzim Şirvaninin poeziyası, pedaqoji baxışları, ədəbi mühiti və dövrünün ictimai-siyasi prosesləri ilə bağlı araşdırmalarla yanaşı digər aktual mövzularla çıxış etdilər.