Dərc olunub: 25.05.2025

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Bu barədə Mektebgushesi.az -a DİM-dən xəbər verilib.

İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib. Bu faktla bağlı xüsusi araşdırma aparılacaq və həm imtahanda iştirak etməli olan şəxs, eyni zamanda onun yerinə imtahana gələn şəxslə bağlı lazımı tədbirlər görüləcək. Xatırladaq ki, qayda pozuntularına yol verənlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

İmtahanda 54247 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını “Youtube”da yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.

Mayın 26-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.