Dərc olunub: 27.05.2025

Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə açılış nitqi ilə ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov çıxış edib. O, 28 May – Müstəqillik Gününün xalqımızın milli oyanışının, azadlıq və dövlətçilik arzusunun rəmzi olduğunu vurğulayaraq müstəqilliyin tarixi və mənəvi əhəmiyyətindən danışıb. Qasım Məmmədov qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Şərqdə ilk parlamentli respublika kimi tarixə düşən dövlətimizin bu günkü möhkəm təməli, iqtisadi və siyasi sabitliyi, beynəlxalq nüfuzu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi nəticəsində formalaşıb. O, gənc nəslin bu dəyərləri qoruyaraq gələcək nəsillərə ötürməsinin vacibliyini vurğulayıb.

Daha sonra Neft-mexanika fakültəsinin “Materialşünaslıq və emal texnologiyaları” kafedrasının müəllimi Aytəm Əsədova çıxış edərək 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin yalnız dövlətçilik deyil, həm də demokratiya ideallarının daşıyıcısı olduğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin bu idealları müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasına çevirdiyini qeyd edib.

Tədbir çərçivəsində həmçinin, Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsinin qalibi mükafatlandırılıb.

Tədbir tələbələrin və ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının təqdimatında vətənpərvər musiqi və rəqs nömrələri ilə davam edib.