Lənkəran Dövlət Universitetində (LDU) universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kolleclə birgə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunmuş “Bir Millətin Zəfəri-28 May” adlı tədbir keçirilib. Tədbirdə ilk öncə vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Universitetin Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Emin Məlikov “Bir Millətin Zəfəri – 28 May” mövzusunda məruzə edib. Müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasının 107-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Emin Məlikov 28 Mayı Azərbaycan tarixinin şanlı səhifəsi, qürur tarixi adlandırıb. Qeyd edib ki, cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddətdə – 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib, Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikası yaradılıb.
Məruzədən sonra LDU-nun və Sosial və Aqrar-Texnoloji Kollecin tələbələrinin ifasında maraqlı konsert proqramı nümayiş edilib. Konsert proqramında vətənpərvərliyi, dövlətçiliyi, milli-mənəvi dəyərləri tərənnüm edən musiqi nömrələri, şeirlər səslənib, rəqslər ifa edilib.Tədbirin sonunda LDU-nun və kollec tələbələrinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr etdikləri rəsm əsərlərinə baxış olub.