27 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetində (LDU) 2024/2025-ci tədris ilində universiteti bitirən, həmçinin ötən illərin məzunları üçün “Məzun yarmarkası” keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı ilə birlikdə təşkil olunan “Məzun yarmarkası”na 45 idarə, müəssisə və təşkilat tərəfindən ümumilikdə 320 vakant iş yerləri çıxarılıb.
Tədbiri LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açıb və əmək yarmarkalarının hər il LDU-nu bitirən yüzlərlə məzuna iş probleminin həllində dəstək olduğunu, gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını, işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib.
Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının müdiri Rasim Harəzmşah məzunlarının işlə təminatına görə LDU-nun region universitetləri arasında 1-ci sırada olduğunu bildirib, həmçinin ölkə universitetləri arasında bu göstərici üzrə TOP-8-liyə düşdüyündən məmnunluğunu ifadə edib, məzunları qurumla sıx əlaqə saxlamağa çağırıb.
Qeyd edək ki, tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.
Xatırladaq ki, bu il Lənkəran Dövlət Universitetini 37 ixtisas üzrə 1115 bakalavr və 33 ixtisaslaşma üzrə 212 magistr bitirir.