Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində ölkə əhəmiyyətli qərarlara – 300-dən çox ilkə imza atıb. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılması ilə bağlı qanun Cümhuriyyətin adına yazılan ən böyük tarixi qərarlardan biri olub.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Asəf Hacıyev “Azərbaycan müəllimi”nə universitetin fəaliyyətə başlamasının, ümumiyyətlə, ölkədə ali təhsilin təşkili və ali təhsilli kadrların hazırlanmasının Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qarşısında duran ən vacib məsələlərdən biri olduğunu deyib:

“Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən 1919- cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılması ilə bağlı “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” qanun qəbul olundu. Hökumətin böyük əhəmiyyət verdiyi bu məsələ ilə bağlı xüsusi komissiya yaradıldı. Yeni yaradılan ali təhsil müəssisəsinin normal fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən beş milyon manat vəsait ayrıldı”.
Bakı Dövlət Universiteti 4 fakültə ilə fəaliyyətə başlayıb: Tarix-filologiya, tibb, fizika-riyaziyyat və hüquq fakültələri.
“Universitetdə tədrisin rus dilində təşkili parlamentdə ciddi mübahisələrə səbəb olub”, – deyən A.Hacıyev əlavə edib ki, tədris rus dilində olsa da, bütün fakültələrdə Azərbaycan türk dili məcburi fənn kimi tədris edilib.
Universitetə qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilib. İlk dərslər 1919-cu il noyabrın 15-də başlayıb: “İlk olaraq Filologiya və Tibb fakültələrində dərslər keçirildi. İlk tədris ilində Bakı Dövlət Universitetinə ştat üzrə 104 nəfər, o cümlədən 43 professor və dosent cəlb olunmuşdu”.

Tarixçinin sözlərinə görə, bu hadisə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində həyata keçirdiyi çox böyük qələbəsi hesab olunur. Bakı Dövlət Universitetinin ilk rektoru olmuş, professor Vasili İvanoviç Razumovski sonralar bu təhsil ocağının fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edərkən yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa və Asiyanın qovşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edə bilərik”
Qeyd edək ki, 28 may 1918-ci ildən 27 aprel 1920-ci ilədək – cəmi 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli, demokratik və dünyəvi dövlət kimi tarixə düşüb. Xalqımızın milli azadlıq mübarizəsi nəticəsində yaranan Azərbaycan Xalq Cümhuriyyəti qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olub, gərgin və olduqca mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib, demokratik dövlət quruculuğu, hərbi quruculuq, mədəniyyət, təhsil və digər sahələrdə həyata keçirdiyi işlərlə tarixdə parlaq iz qoyub.
1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi, Bakı Dövlət Universiteti isə ən dəyərli mirasıdır.