Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında nəzərdə tutulan tapşırıqların icrası və elm, ali təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə 28–29 may tarixlərində Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib.
Forumda iştirak edən Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov tədbir çərçivəsində Fərqanə Dövlət Universiteti, Əndijan Dövlət Xarici Dillər İnstitutu, Buxara Dövlət Universiteti, Səmərqənd İqtisadiyyat və Servis İnstitutu, Nəvai Dövlət Mədən və Texnologiya Universitetinin rəsmiləri ilə görüşüb, tərəflər arasında əməkdaşlığa dair qarşılıqlı müqavilələr imzalanıb. Müzakirələr zamanı ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və beynəlxalq reytinqlərdə irəliləyiş kimi mövzular müzakirə olunub.
Xatırladaq ki, forumda Lənkəran Dövlət Universiteti ilə yanaşı Azərbaycan universitetlərindən ADNSU, ADİU, ADU, ADPU, ADMİU, AzTU, AzMİU, ATU, BDU, BMU, BSU, MDU, NDU, QU, SDU, BANM və Özbəkistanın aparıcı ali təhsil müəssisələri iştirak edirlər.