Mektebgushesi

Dərc olunub: 29.05.2025

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili ilə bağlı monitorinqlər davam edir.

Mektebgushesi.az xəbər verir ki, növbəti monitorinqlər 19-23 may tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Abşeron-Xızı RTİ, Şirvan-Salyan RTİ, Mil-Muğan RTİ, Gəncə-Daşkəsən RTİ, Quba-Xaçmaz RTİ, Mərkəzi Aran RTİ və Qarabağ RTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində həyata keçirilib.

Monitorinq çərçivəsində ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin, eləcə də onların əməkdaşlıq etdiyi müəllimlərin dərsləri müşahidə olunub. Dərslərin müşahidəsindən sonra metodistlər tərəfindən müəllimlərə verilən əks-əlaqə prosesi əvvəlcədən müəyyən edilən meyarlar əsasında qiymətləndirilib. Bununla yanaşı, keçirilən metodik görüşlər də izlənilib.

Monitorinqlərin nəticələrinə əsasən, metodistlərin fəaliyyəti təhlil olunub, müşahidələrin nəticələri onlarla müzakirə edilib. Görüşlər zamanı metodistlərin güclü tərəfləri qeyd edilmiş, inkişaf etdirilməsi zəruri olan sahələr üzrə tövsiyələr verilib. Eyni zamanda, bu prosesdə metodistlərin peşəkar inkişafının təmin edilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, metodik xidmətin təşkili üzrə metodistlərin fəaliyyətinə dair monitorinqlər digər ümumi təhsil müəssisələrində də davam etdirilir.