Dərc olunub: 30.05.2025

 

Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 27-31 may tarixlərində Elm və Təhsil Nazirliyinin və ali təhsil müəssisələrinin rəhbər heyətinin Özbəkistana səfəri çərçivəsində Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisi təşkil olunub.

Mektebgushesi.az xəbər verir ki, sərgi Azərbaycan – Özbəkistan Hökumətlərarası Komissiyasının 13-cü iclasının protokolunda nəzərdə tutulan tapşırıqların icrası istiqamətində atılmış mühüm addımlardan biridir.

Sərgidə ölkəmizi 17 ali təhsil müəssisəsi təmsil edib. Azərbaycan universitetlərinin stendlərində iştirakçılara müxtəlif ixtisaslar üzrə təhsil imkanları, təqaüd proqramları və ölkəmizdə tələbə həyatı barədə ətraflı məlumat təqdim olunub.

Açılış mərasimində Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev çıxış ediblər. Çıxış edənlər elm və ali təhsilin beynəlmiləlləşməsi kontekstində iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, sərginin təhsil və mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, sərginin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, tələbə mübadiləsini təşviq etmək və Azərbaycanda təhsil alan xarici tələbələrin sayını artırmaqdır.