Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının əməkdaşları 177 nömrəli tam orta məktəbin pedaqoji kollektivi ilə görüşüblər.
Görüşdə məktəbin direktoru Arzu Süleymanova elmi jurnal və məktəb əməkdaşlığının vacibliyindən danışdı. O, qeyd etdi ki, elm və təhsil sahəsindəki yenilikləri izləmək, öz ixtisasları ilə bağlı nəzəri və metodiki hazırlıqlarını artırmaq üçün müəllimlər elmi jurnalları ardıcıl izləməli, eləcə də öz təcrübələri ilə bağlı məqalələrlə çıxış etməlidirlər. Elmi-pedaqoji jurnallar məktəbdə tədris keyfiyyətinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biridir. Bu jurnallar həm də müəllimlərə yeni ideyalar və yaradıcılıq impulsları verərək onların tədris prosesinə dinamiklik qatır, təcrübə mübadiləsi və həmkarlararası əməkdaşlığı stimullaşdırır. Bu jurnallar vasitəsilə müəllimlər qabaqcıl təcrübələri öyrənir, fərqli yanaşmaları müqayisə edir və öz fəaliyyətlərində innovativ həllərə yer verirlər. Elmi-pedaqoji jurnallar həm də müəllimlərə geniş elmi ictimaiyyətin diskussiyalarında iştirak etmək imkanı yaradır. Məktəblə elmi jurnalların əməkdaşlığı qarşılıqlı inkişaf və təcrübə mübadiləsi üçün geniş perspektivlər açır. Belə əməkdaşlıq məktəbin elmi-pedaqoji fəaliyyətini gücləndirir, müəllimlərin elmi araşdırmalara daha aktiv qoşulmasına imkan yaradır. Eyni zamanda, müəllimlərin təcrübəsi elmi jurnalların məzmununu zənginləşdirir, onların tədris prosesinin real problemlərinə daha dərindən nüfuz etməsinə şərait yaradır. Arzu Süleymanova vurğuladı ki, bu əməkdaşlıq həm müəllimlərin, həm də elmi jurnalların fəaliyyət dairəsini genişləndirmək baxımından da əhəmiyyətlidir. O, jurnalın gələcək fəaliyyətinə uğurlar dilədi.
“Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı jurnalın zəngin tarixi və inkişaf mərhələlərindən ətraflı bəhs etdi. O vurğuladı ki, bu jurnal məktəbəqədər və ibtidai təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər və praktik əməkdaşlar üçün həm elmi-nəzəri, həm də metodiki baxımdan əhəmiyyətli resursdur. Jurnal ötən əsrin 70-ci ilində Azərbaycanın maarif naziri, akademik Mehdi Mehdizadənin təşəbbüsü ilə yaradılıb və uzun illər pedaqoji elmlər doktoru, professor Yahya Kərimovun rəhbərliyi altında fəaliyyət göstərib. İllər ərzində jurnal sahə üzrə mütəxəssislərin stolüstü vəsaitinə çevrilərək onların elmi və peşəkar inkişafına dəstək verib. B.Mikayıllı vurğuladı ki, elmi-pedaqoji jurnallar elmi-pedaqoji dialoqun formalaşmasına təsir göstərən mühüm platformadır. Pedaqoji kollektivlərlə görüşlər bu dialoqun inkişafı üçün əhəmiyyətli istiqamətdir.
B.Mikayıllı qeyd etdi ki, jurnal bu gün də məktəbəqədər təhsil sahəsinin mütəxəssisləri, bu sahənin praktik əməkdaşları, ibtidai sinif müəllimləri, psixoloqlar, xüsusi təhsil üzrə mütəxəssislər, təhsil və pedaqoji fikir tarixi tədqiqatçıları üçün dəyərli mənbə olaraq qalır. Onun məzmunu müasir təhsil problemlərinin həlli yollarını işıqlandırır, yeni metodiki yanaşmaları paylaşır və pedaqoji innovasiyaların yayılmasına xidmət edir. Jurnal, həmçinin bir sıra nüfuzlu beynəlxalq elmmetrik bazalarda indekslənir ki, bu da onun elmi nüfuzunu və təsir gücünü daha da artırır.
B.Mikayıllı jurnalın yeni formalaşdırdığı ənənələrdən də ətraflı bəhs etdi. O qeyd etdi ki, 2020-ci ildən başlayaraq jurnalın redaksiyası hər il aktuallığı ilə seçilən yeni bir mövzu müəyyənləşdirərək onun ətrafında geniş tədqiqatlar aparır. İlin sonunda isə həmin tədqiqatların nəticələri jurnalda dərc olunur. Bu təşəbbüs jurnalın elmi məzmununu daha da zənginləşdirir, eləcə də təhsil sahəsindəki çağırışlara çevik reaksiya vermək imkanını artırır. Nəticədə, jurnalın ətrafında yeni tədqiqat qrupları formalaşır və tədqiqatçılar arasında əməkdaşlıq möhkəmlənir. Ən sevindirici məqam isə odur ki, artıq xarici tərəfdaşlar da bu tədqiqat qruplarına maraq göstərirlər. Bu isə jurnalın beynəlxalq elmi mühitdə nüfuzunun və təsir gücünün artmasına şərait yaradır.
Görüş jurnal əməkdaşları və məktəbin müəllimlərinin qarşılıqlı çıxışları, fikir mübadiləsi və təklifləri formatında davam etdirildi, əməkdaşlığın perspektivləri müzakirə olundu.
İradə ƏSƏDOVA, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının əməkdaşı