“Xarakterin formalaşması uşaqlıq illərindən başlayır və insan dünyasını dəyişənə qədər davam edir.”
Heç də təsadüfi deyil ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilən Uşaqların Beynəlxalq Müdafiəsi Günü, ölkəmizdə də uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Dünyada uşaqlar üçün təhlükəsiz internet mərkəzləri mövcuddur. Yaxşı olar ki, ölkəmizdə də belə bir mərkəz yaradılsın. Bu mərkəzlər uşaqların onlayn təhlükəsizliyi üzrə monitorinq aparmaqla yanaşı, pedaqoq, psixoloq, hüquqşünas və informasiya texnologiyaları üzrə mütəxəssisləri öz ətrafında birləşdirsin. Həmçinin kiberməkanda olan təhlükələr barəsində uşaqlar, valideynlər, müəllimlər və himayədarların məlumatlandırılmasını və təhlükələrdən zərər görmüş uşaqların reabilitasiyasını və digər məsələləri həyata keçirsin.
Xüsusilə, son illər məktəb yaşlı uşaqlar arasında bir-birinə qarşı edilən bullinq hərəkətləri və bunun sosial mediada hadisə iştirakçıları tərəfindən paylaşılması faktının şahidi oluruq. Uşaqların virtual asılılığı onların qeyri-etik hərəkətlərinə rəvac verir. O qədər də uzaq olmayan keçmişimizdə uşaqlarımız savad almaq, özlərini təkmilləşdirmək üçün təhsil alırdılarsa, bu gün kimisə təəccübləndirmək üçün oxuyurlar. Bu da təbiidir, çünki kimlərsə özünə məşğuliyyət, əyləncə tapa bilməyəndə başqalarını əyləndirmək yolunu seçirlər.
Təhsil sistemi elə qurulmalıdır ki, uşaqlar asudə vaxtlarını videolar çəkərək, sosial şəbəkələrdə deyil, dərnəklərdə, müxtəlif dərnəklərdə yaradıcı studiyalarda düzgün dəyərləndirə bilsinlər Bir sıra dünya ölkələri ilə inteqrasiyada görürük ki, bu qaydaların tətbiqi bizdə o qədər də uğurla nəticələnimir. Əgər bir qayda tətbiq olunursa, bu bütün ölkədə miqyasında tətbiq olunmalıdır. Bu günün əsas məsələsi gəncləri virtual asılılıqdan azad etməkdir. Məktəbin əsas vəzifəsi öz yetirməsinə bir ovuc bilik vermək deyil, ölkəyə sağlam, hərtərəfli vətəndaş yetişdirməkdir.
Hələ, 1992-ci ildə qoşulduğumuz Uşaq Hüquqları Konvensiyasının 18–ci maddəsinə əsasən “Valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar.” Məktəb və valideyn əlaqələri əvvəlki kimi deyil. Artıq bu əlaqə virtual qaydada davam edir. Xoşagəlməz bir hal olduqda məktəb valideyni, valideyn isə məktəbi ittiham edir. Yüksək texnologiyalar insani münasibətlərin qarşısına keçib. Buna görə də canlı ünsiyyətə daha çox üstünlük vermək lazımdır. Onlayn valideyn-müəllim əlaqələri özünü lazımınca doğrultmur.
Bütün məsuliyyəti məktəb və müəllimə aid edilə bilməz. Hazırda qanunvericilikdə valideyn məsuliyyəti yox dərəcəsindədir
Bu gün uşaqlarda bir növ cəzasızlıq sindromu formalaşıb. Ona görə də, qanunvericilikdə məktəb-valideyn-şagird münasibətləri yenidən baxılmalı. Hər kəsin ayrılıqda konkret vəzifə və məsuliyyəti müəyyənləşməlıdır. Sadəcə müəllimin, ya da məktəbin üzərinə məsuliyyət qoymaq düzgün deyil. Tərbiyənin əsası ailədə, təlimin əsası isə məktəbdə qoyulur.