Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.
Mektebgushesi.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.
Bundan sonra həmin gün “Uşaqların Beynəlxalq Müdafiəs Günü” kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Həmçinin dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib.
Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il “Uşaq ili” elan edib.
Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Hər il Gülüstan sarayında internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənlikləri keçirir, onları bir araya yığır, uşaqlarla bir süfrə arxasında əyləşir, səmimiliyi ilə onların könlünü alır.
Azərbaycanda uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.