“Uşaqlara diqqət və qayğı kampaniya xarakteri daşımamalı, daim diqqət mərkəzində olmalıdır.”
Uşaqlar haqqında klassiklərdən tutmuş, müaisirlərə qədər, kimlər nələr deməyib, kimlər nələr yazmayıb: “Bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır”;“Bu vətən uşaqlarımız və nəvələrimiz üçün cənnətə çevrilməyə layiqdir”;“Sağlam uşaqlar yetişdirmək, pozulmuş yetişkinləri düzəltməkdən daha asandır”;“Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin”;“Vətəni qorumaq uşaqları qorumaqla başlayar”;“Biz doğrudan da bütün dünyada sülh istəyiriksə, uşaqlardan başlamalıyıq”;“Bu dünyada bir uşaq belə xoşbəxt olmadığı müddətcə, böyük kəşflər və yüksəlişlər heçdir”;“Təhsilin əsas məqsədi, uşaqların öz bacarıqlarını kəşf etməsinə kömək etməkdir”;’Xarakterin formalaşması uşaqlıq illərindən başlayır və insan dünyasını dəyişənə qədər davam edir” və s. və i.a
Heç də təsadüfi deyil ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1925-ci ildə Cenevrədə Uşaqların Rifahı üzrə Ümumdünya Konfransı zamanı elan edilmişdi. 4 noyabr 1949-cu ildə Moskvada Qadınların Beynəlxalq Demokratik Federasiyası tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi təsis edilmişdi. 1950-ci ildən etibarən bir çox kommunist və post-kommunist ölkələrində 1 iyun Uşaqların Müdafiəsi Günü kimi qeyd olunur.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Respublikamızda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub. Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
1924-cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul
edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, “bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin”. Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Məlum olduğu kimi, 1989-cu il noyabrın 20-də BMT-nin Uşaq Hüquqları Konvensiyası qəbul edildi. . Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan da bu ölkələr sırasındadır. Bu konvensiya uşaqların hüquqlarının qorunması sahəsində ən mükəmməl beynəlxalq sənəddir. Dövlətimiz bu konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün hər cür şərait yaradır.
Azərbaycanda uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimlənir, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar konkret tədbirlər və dövlət proqramları gerçəkləşdirilir. 1993-cü ildən sonra sözügedən sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatların aparılmasında da özünü göstərib. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunları da məhz 90-cı illərin ikinci yarısında qəbul olunub. Həmin vaxtlardan sonra ölkədə uşaqlarla bağlı bütün problemlərin həllinə yönəldilən onlarca dövlət proqramı vahid bir siyasəti reallaşdırır.
1992-ci ildə qoşulduğumuz Uşaq Hüquqları Konvensiyasının 18–ci maddəsinə əsasən “Valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar.” 19-cu maddəyə əsasən isə, “Dövlət uşağı fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın hər cür formasından qorumaq məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görməlidir. ”28-ci maddədə isə deyilir ki, “Uşaq təhsil hüququna malikdir, buna görə də dövlətin vəzifəsi pulsuz və icbari ibtidai təhsili təmin etməkdən, hər bir uşağın ala biləcəyi orta təhsil verilməsini həvəsləndirməkdən, bilik əsasında hamının ali təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Məktəb intizamına uşağın hüquqlarının nəzərə alınması onun ləyaqətinə hörmət bəslənməsi şərti ilə təmin olunmalıdır. Təhsil uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki bacarığının inkişaf etdirilməsinə həyata, ətraf mühitə hörmət tərbiyə edilməsinə yönəldilməlidir.”
İcma əsaslı qrupların yaradılması, günüuzadılmış qrupların təşkili, məktəbəqədər təhsil müəssisələrinin, məktəbə hazırlıq qrupları şəbəkəsinin genişləndirilməsi, ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində yay məktəblərinin, respublikamızın füsünkar güşələrində uşaq düşərgələrinin təşkil edilməsi, uşaqların maraq kurslrına, özfəaliyyət dərnəklərinə cəlbi və digər bu kimi tədbirlərin keçirilməsi, tədbirlərə şəhid övladlarının qatılması və digər təşəbbüslər təhsil siyasətimizdə uşaqlara nə dərəcədə önəm verilməsinin bariz nümunıəsinə çevrilməlidir.
Bu baxımdan Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Bakı şəhəri və regionlarda uşaqlara diqqət və qayğıya yönəlik müxtəlif səpgili tədbirlərin keçirilməsi, ölkəmizdə uşaq hüquqlarının qorunması, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramları, layihələrdən bəhs edib, uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün yaradılan şəraitdən söz açıb, onları sevindirmək təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Bununla belə uşaqlara qayğı kampaniya xarakteri daşımamalı, daim diqqət mərkəzində olmalıdır. Çünki, məktəblərimizdə və məktəbəqədər təhsil müəssisələrində hələ də uşaqlara qarşı şiddət faktlarına, təhsildən yayınıb, küçə uşaqlarına çevrilmə hallarını təsadüf olunmaqdadır.
Unutmayaq ki, “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.”