Naxçıvan Dövlət Universitetində “Açıq mikrofon” layihəsi çərçivəsində Naxçıvanın təhsil naziri Elxan Nəcəfov tələbələrlə görüşüb.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ənənəvi olaraq keçirilən “Açıq mikrofon” layihəsində Naxçıvan MR təhsil naziri Elxan Nəcəfov, NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov, nazirliyin əməkdaşları, ali təhsil ocağının müəllimləri və təcrübəçi tələbələr iştirak ediblər.
Görüşə universitetin Karyera, təcrübə və məzunlarla iş sektorunun müdiri Aynurə Seyidova moderatorluq edib və layihə haqqında ətraflı məlumat verib.
Elxan Nəcəfov layihəni yüksək dəyərləndirib, bu kimi platformaların gələcəyin müəllimləri üçün xüsusi önəm daşıdığını vurğulayıb. Nazir qeyd edib ki, Naxçıvan MR Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumunun icrası istiqamətində mühüm fəaliyyətlər həyata keçirilir, birgə layihələr reallaşdırılır. “Açıq mikrofon” layihəsi də bu baxımdan xüsusi önəm daşıyır. Görüşdə Elxan Nəcəfov müəllimlərin işə qəbulu qaydalarından bəhs edib, bu sahədəki yeniliklər, nazirliyin tabeliyindəki ümumtəhsil məktəblərində 2025-2026-cı tədris ili üzrə pedaqoji kadrlara olan tələb və müəyyənləşdirilmiş vakant yerlər haqqında məlumatları diqqətə çatdırıb.
Sonra söz tələbələrə verilib. Tələbələr ümumtəhsil məktəblərinin müəllimləri üçün yaradılan şərait, gələcək fəaliyyətlərində diqqət etməli olduğu məqamlar, orta məktəblərdə vakant yerlər, şagird-müəllim münasibətləri və bir sıra istiqamətlərdə suallarını səsləndiriblər.
Nazir Elxan Nəcəfov 3 saat ərzində tələbələrin 30-dan artıq sualını ətraflı cavablandırıb, müraciətlərini dinləyib, öz təklif və tövsiyələrini söyləyib.
Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov iki qurum arasında sıx əlaqələrin bundan sonra da inkişaf dinamikası ilə irəliləyəcəyinə əminlik ifadə edib.
Səmərəli keçən görüşün sonunda xatirə fotosu çəkilib.