Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Məzun Günü” münasibətilə təntənəli tədbir təşkil olundu. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, tələbələr, valideynlər və qonaqlar iştirak etdilər. Qonaqlar arasında Regional İnkişaf İctimai Birliyinin (RİİB) Dağlıq Şirvan Regional bölməsinin rəhbəri Nərgiz Qurbanova da yer aldı.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Filialın direktoru dosent Tünzalə Yusifova tədbirdə geniş çıxış edərək məzunları və onların valideynlərini təbrik etdi, onların gələcək həyat yollarında uğur qazanmalarını arzuladı. O qeyd etdi ki, azad və suveren bir ölkədə böyüyən gənclik xoşbəxt və şanslıdır. Dövlətimizin təhsilə, eləcə də gənclərin intellektual, mənəvi və vətənpərvərlik ruhunda inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir ki, bu gün ADPU-nun Şamaxı filialında vətənə bağlı, savadlı, məsuliyyətli və təşəbbüskar bir gənclik yetişir.
Tünzalə Yusifova vurğuladı ki, filial öz fəaliyyəti ilə regionda təhsilin inkişafına və kadr potensialının güclənməsinə mühüm töhfələr verir. Məzunlarımız bu gün təkcə müəllim kimi deyil, eyni zamanda müxtəlif sahələrdə – dövlət və özəl qurumlarda, təhsil müəssisələrində, sosial layihələrdə və ictimai fəaliyyətlərdə uğurla fəaliyyət göstərirlər. Onların əldə etdiyi bilik, bacarıq və formalaşdırdıqları dəyərlər burada, bu filialda təməlini qoyduqları sağlam təhsil və psixoloji mühitin nəticəsidir. Ümumilikdə bu il 6 ixtisas üzrə 138 nəfər məzun filialı bitirərək ölkənin müxtəlif təhsil müəssiələrində fəaliyyətə başlayacaqlar. Sevindirici haldır ki, bu tədris ilində Şamaxı filialında müəllimlik ixtisasları ilə yanaşı “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının da ilk məzunlarını yola salırıq. “Bu gün siz təkcə ali təhsilinizi başa vurmursunuz, siz həm də cəmiyyətin fəal üzvü, Vətənin layiqli vətəndaşı kimi formalaşırsınız. Qarşıda sizi daha böyük yollar, daha məsuliyyətli missiyalar gözləyir. Əminik ki, harada olursunuzsa olun, sizi fərqləndirən məhz bu təməl olacaq,” – deyə o çıxışını tamamladı.
Təhsil aldıqları müddətdə təhsildə və ictimai-sosial fəallıqları ilə seçilən bir sıra məzunlara filialın rəhbərliyi tərəfindən “Fəxri fərman” və “Təşəkkürnamə”lər təqdim olundu.
Daha sonra çıxış edən RİİB-in Dağlıq Şirvan Regional bölməsinin rəhbəri Nərgiz Qurbanova məzunlara ürək sözlərini çatdıraraq onların bu mühüm gün münasibətilə təbrik etdi. O bildirdi ki, ADPU-nun Şamaxı filialında tələbələrin intellektual və şəxsi inkişafı üçün çox gözəl şərait yaradılıb. “Tələbələrin könüllülük fəaliyyətinə geniş imkanlar yaradılır və bu da onların müxtəlif təşkilatlarda, o cümlədən RİİB çərçivəsində çoxşaxəli sahələrdə uğurla fəaliyyət göstərməsinə şərait yaradır. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk,” – deyə Nərgiz xanım çıxışında vurğuladı.
Tədbirin davamında məzunlar da çıxış edərək təhsil aldıqları illərlə bağlı təəssüratlarını, qürurlu və kövrək anlarını bölüşdülər, filialın rəhbərliyinə, müəllimlərinə və valideynlərinə təşəkkürlərini bildirdilər, tələbə yoldaşlarına uğurlar arzu etdilər.
Tədbir səmimi və duyğulu atmosferdə davam etdi. Məzunalrın valideynləri bu illər ərzində tələbələr üçün filialda yaradılan şəraitə görə filialın rəhbərliyinə xüsusi təşəkkürlərini bildirdilər.
Məzun olan bütün tələbələrimizi ürəkdən təbrik edir, onlara cəmiyyətimiz və ölkəmiz naminə uğurlu fəaliyyət arzulayırıq!