Dərc olunub: 02.06.2025

27–31 may tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin rəhbər heyətinin Özbəkistana səfəri çərçivəsində Daşkənd şəhərində “Study in Azerbaijan” təhsil sərgisi keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) də təmsil olunub. Universiteti bu nüfuzlu sərgidə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, Tarix və coğrafiya fakültəsinin dekan müavini Paşa Quluzadə və ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Cəmilə Qurbanova təmsil ediblər. Onlar sərgi iştirakçılarına ADPU-nun tədris imkanları, beynəlxalq proqramlarda iştirakı, tələbə həyatı, təqaüd mexanizmləri və xarici tələbələr üçün təqdim edilən fürsətlər barədə ətraflı məlumat veriblər.

Sərginin açılış mərasimində Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şahrux Daliyev, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev və ölkəmizin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev çıxış edərək, elm və ali təhsilin beynəlmiləlləşməsi kontekstində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Onlar bu kimi təşəbbüslərin təhsil və mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildiriblər.

“Study in Azerbaijan” sərgisində ümumilikdə ölkəmizi 17 ali təhsil müəssisəsi təmsil edib. ADPU nümayəndələrinin fəal iştirakı universitetin beynəlxalq əlaqələrinin inkişafına və xarici tələbələr üçün cəlbediciliyinin artırılmasına xidmət edən önəmli addım kimi dəyərləndirilir.

Qeyd edək ki, sərginin əsas məqsədi mədəniyyətlərarası dialoqu gücləndirmək, tələbə mübadiləsini təşviq etmək və Azərbaycanda təhsil alan xarici tələbələrin sayını artırmaqdır. ADPU sərgidə bu istiqamətdə gələcək əməkdaşlıqlara açıq olduğunu və beynəlxalq səviyyədə təmsilçiliyini daha da gücləndirmək niyyətində olduğunu bir daha nümayiş etdirib.