Dərc olunub: 02.06.2025

 

Professor Hümeyir Əhmədovun “Pedaqogika” dərsliyi həmmüəlliflər qrupu ilə birlikdə çap olunub

Kitab Rusiyanın əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor A.A.Reananın, Rusiya Təhsil Akademiyasının müxbir üzvü, pedaqoji elmlər doktoru, professor A.V.Mudrikanın elmi redaksiyası ilə hazırlanıb, Rusiyanın Elm və Təhsil Elmi Tədqiqat İnstitutu, “Peşəkar dərslik” Beynəlxalq Elmi Tədqiqat Mərkəzi, Məhkəmə Ekspertizası və Tədqiqatları Beynəlxalq Elmi-Tədqiqat Mərkəzi tərəfindən tövsiyə edilib.

Əsər pedaqogika elminin fundamental anlayışlarından başlayaraq, təlim və tərbiyə məsələlərinə, müasir pedaqoji nəzəriyyələrə və praktik tətbiqlərə qədər geniş bir spektri əhatə edir. Buraya pedaqogikanın predmeti və vəzifələri, təlimin və tərbiyənin prinsipləri, pedaqoji proses və onun mərhələləri, müasir pedaqoji texnologiyalar, müəllim-şagird qarşılıqlı münasibətlərini və s. aid etmək olar.  Əsərin əsas üstünlüklərindən biri pedaqogika elminin nəzəri müddəalarını təcrübi yanaşmalarla zənginləşdirməsidir. Müəlliflər pedaqoji prosesin elmi əsaslarını təhlil edir və bu müddəaların təhsil mühitində necə tətbiq olunacağını konkret nümunələrlə göstərirlər. Qeyd etdiyim kimi, əsərin elmi redaktorları professor A.A.Rean və professor A.V.Mudrik Rusiyada pedaqogika sahəsində tanınmış alimlərdir. Onların əsərin hazırlanmasında elmi redakorlar kimi iştirakı nəşrin beynəlxalq standartlara uyğunluğunu və elmi dəyərini artırır. V nəşrdə müasir dövrün tələblərinə uyğun olaraq yeni bölmələr əlavə olunub və mövcud mövzular yenilənib. Bu, sürətlə dəyişən cəmiyyət və təhsil sistemləri qarşısında pedaqoqların və təhsil mütəxəssislərinin mühüm rolunu vurğulayır.

Əsərin bir neçə nüfuzlu beynəlxalq elmi-tədqiqat institutu tərəfindən dərslik kimi tövsiyə olunması onun pedaqoji elmi ictimaiyyət üçün əhəmiyyətli bir vəsait olduğunu təsdiqləyir.

“Pedaqogika” dərs vəsaiti pedaqoji nəzəriyyə ilə təcrübənin sintezini özündə əks etdirən, müasir pedaqoji düşüncənin inkişafına töhfə verən mühüm vəsaitdir. Əsərin geniş auditoriyaya təqdim edilməsi pedaqoji ictimaiyyət üçün əhəmiyyətli bir elmi resurs kimi çıxış etməsinə imkan yaradır. Professor Hümeyir Əhmədovu əsərin çap olunması münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıaq.

Böyükağa MİKAYILLI