Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli liseydə uşaq yazıçısı Sevinc Nuruqızının əsəri əsasında səhnələşdirilən “Melisa” tamaşası nümayiş etdirilib.
Mektebgushesi.az xəbər verir ki, məktəbin birinci sinif şagirdlərinin təqdim etdiyi tamaşa çəhrayı gəlincik haqqındadır. Şagirdlər müxtəlif obrazlarda çıxış edərək öz bacarıqlarını göstəriblər. Tamaşanın rejissoru Kəmalə Mirzəzadə, musiqi prodüseri Xuraman Təhməzova, xoreoqrafları İlham və Zülfiyyə İbrahimovlardır.
“Melisa”nın birinci sinif şagirdləri üçün tədris ilinin başa çatmasına təsadüf etməsi rəmzi xarakter daşıyıb. Onu da qeyd edək ki, “Melisa” əsəri indiyədək altı dildə – Azərbaycan, türk, ingilis, rus, fars və alman dillərində nəşr olunub.

