Dərc olunub: 03.06.2025

Qarabağ Dirçəliş Fondu Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda işğaldan azad olunmuş ərazilərdə insan kapitalının inkişafına yönəlmiş mühüm təşəbbüslə çıxış edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, 2025–2026-cı tədris ili üzrə Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstəriləcək. Bu, Qarabağ Dirçəliş Fondu ilə Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu arasında Forum çərçivəsində rəsmi şəkildə imzalanmış əməkdaşlıq memorandumu əsasında həyata keçiriləcək.

Proqram istedadlı tələbələrin maddi cəhətdən dəstəklənməsini, onların akademik və peşəkar inkişafının təşviq olunmasını, eyni zamanda, bölgədə bilik iqtisadiyyatının formalaşmasına töhfə verilməsini nəzərdə tutur. Proqrama əsasən, seçilmiş tələbələr bir akademik il ərzində hər ay 200 manat məbləğində təqaüdlə təmin olunacaqlar. Təqaüdə namizədlər universitetin akademik göstəriciləri əsasında, Təhsilin İnkişafı Fondu ilə birgə müəyyənləşdiriləcək.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında qeyd edib ki, təhsil dayanıqlı inkişafın əsas aparıcı qüvvəsidir və azad edilmiş ərazilərdə əhalinin davamlı məskunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu təqaüd proqramını dəstəkləməklə biz regionun gələcəyinə sərmayə yatırırıq. Forum çərçivəsində Fond dövlət və özəl sektor nümayəndələrini bir araya gətirən vahid platforma rolunu oynadı və bu təşəbbüsü tərəfdaşlara təqdim etməklə digər qurumları da bu prosesə qoşulmağa çağırdı”.

Qeyd olunub ki, bu təşəbbüs Qarabağ Dirçəliş Fondunun daha genişmiqyaslı təqaüd strategiyasının bir hissəsidir. Layihənin əsas məqsədi Qarabağın sosial-iqtisadi dirçəlişinə töhfə verməklə yanaşı, bölgədə insan kapitalının inkişafını dəstəkləmək və gənclərə keyfiyyətli təhsil imkanları yaratmaqdır.

Xatırladaq ki, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu iyunun 2-də Qarabağ Universitetində təşkil olunub. Forumda elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri və ali təhsil müəssisəsinin professor-müəllim heyəti iştirak ediblər.