Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib.
Konfransı açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Qarabağın zəngin mədəni-mənəvi irsinin öyrənilməsi əsas prioritetlərdən biridir. Bu məqsədlə rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə AMEA arasında təməli qoyulan elmi əməkdaşlıq perspektiv imkanlar yaradacaq.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında əvvəlcə AMEA-nın 80 illiyi münasibətilə akademiyanın kollektivini, alimləri və elmi ictimaiyyəti təbrik edib. Nazir Qarabağ Universitetinin qarşısında dayanan vəzifələrə də toxunaraq bildirib ki, bu ali təhsil müəssisəsi təkcə regionun deyil, bütövlükdə Azərbaycanın elmi və tədris həyatında mühüm yer tutacaq. Qarabağ Universiteti elmi mühitin təşəkkül tapması, innovativ təhsil modellərinin tətbiqi və milli-mədəni irsin sistemli şəkildə araşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
AMEA-nın prezidenti İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində Qarabağın tədqiqi problemləri və Böyük Qayıdış hərəkatı” mövzusunda məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının əhəmiyyətini xüsusi vurğulayan akademik İsa Həbibbəyli bu mühüm dövlət sənədinin Azərbaycan elminə, akademiyaya verilən ən yüksək qiymətin ifadəsi olduğunu bildirib. Akademik qeyd edib ki, dövlətimizin başçısının Sərəncamı həm 80 ildə şərəfli tarixi yol keçmiş, Azərbaycan dövlətinin inkişafına, azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsini vermiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət, həm də akademiyanın bu gününə və gələcəyinə verilən ali dəyərin ifadəsidir. AMEA rəhbəri bu gün azad Qarabağ torpağında belə yüksək səviyyəli elmi tədbirin keçirilməsinin tarixi hadisə olduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu konfrans təkcə AMEA-nın 80 illiyinə deyil, həm də azad edilmiş torpaqlarda elmi həyatın bərpasına töhfə verən mühüm bir mərhələdir.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən Qarabağ Universitetinin kitabxanasına 1200-dən çox kitab, eləcə də akademiyanın təsisçilərinə və müasir inkişafına həsr olunmuş rəsm əsəri hədiyyə edilib.
Tədbirin ikinci hissəsində Qarabağın tarixi, mədəniyyəti və toponimik irsi ilə bağlı elmi məruzələr dinlənilib. A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru Kərim Şükürov “Azərbaycan tarixində Qarabağnamələr və yeni dövrün Qarabağnaməsinin yaradılmasında Milli Elmlər Akademiyasının missiyası”, Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Qarabağ ərazisində və Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar”, Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru Nadir Məmmədli “Qarabağda ermənilər tərəfindən saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa edilməsinin elmi əsasları” və Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Qarabağ folkloru: Böyük Qayıdış kontekstində folklor yaddaşının reaktuallaşdırılması” mövzularında məruzə ilə çıxış ediblər.
Konfrans çərçivəsində Qarabağ Universitetində AMEA-nın rəhbər heyəti və əməkdaşları tərəfindən ayrı-ayrı auditoriyalarda tələbələr qarşısında 13 ixtisas üzrə mühazirələr də deyilib və onların çoxsaylı sualları cavablandırılıb. Mühazirələr AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri – akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev, akademik-katib akademik Arif Həşimov, akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, tarix elmləri doktoru Kərim Şükürov, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, filologiya elmləri doktoru Nadir Məmmədli, filologiya elmləri doktoru Sərxan Xavəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva tərəfindən təqdim edilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının elm və təhsil naziri Elxan Nəcəfov və Qarabağ Universitetinin rektoru Şahin Bayramova AMEA-nın ensiklopedik nəşrləri və Akademiyanın 80 illiyi münasibətilə toxunmuş miniatür xalça hədiyyə olunub. Qarabağ Universitetinin tələbələrinə “Elm və həyat” jurnalının və “Elm” qəzetinin nüsxələri paylanılıb.










