Müsahibimiz Bakı Mühəndislik Universitetinin (BMU) Əlcəzair Xalq Demokratik Respublikasından olan tələbəsi Safi Omayma Habibdir.
– Əvvəlcə sizi yaxından tanıyaq. Hansı ölkədən gəlmisiniz, hansı ixtisas üzrə təhsil alırsınız? Valideynləriniz harada çalışır və Azərbaycanda təhsil almağınıza necə yanaşdılar?
– Adım Omaymadır. Əlcəzairdənəm və “Fiziki-kimya” ixtisası üzrə BMU-nun magistr tələbəsiyəm. Atam Əlcəzairdəki Naama Universitetinin rektorudur. Ailəm Azərbaycanda təhsil almaq qərarımı tərəddüdsüz dəstəklədi. Çünki mən həm müsəlman respublikasını, həm də mədəni zənginliyi geniş, iqtisadi cəhətdən sürətlə inkişaf etmiş, digər xalqların, dövlətlərin milli, dini dəyərlərinə tolerantlıq göstərən, hörmətlə yanaşan bir ölkəni seçirdim. Bundan əlavə, Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinin unikal şəkildə qovuşduğu məkan olması, bir sıra nüfuzlu beynəlxalq tədbirlərə layiqli şəkildə evsahibliyi etməsi diqqətçəkici idi. Azərbaycana dünyanın bir sıra ölkələrindən təhsil almağa gələnlər var. Düşünürdüm ki, bu, eyni zamanda Azərbaycanın təhsilə göstərdiyi xüsusi diqqətlə bağlıdır. Azərbaycan xarici ölkələrlə elm və təhsil sahəsində uğurlu əməkdaşlıq yaradır. Dünya universitetləri ilə yaxşı münasibətlər qurur, təcrübə mübadiləsi aparır və s. Bunlar hamısı xarici tələbə üçün vacib amillərdir. Ali təhsildə, elmi tədqiqatlarda beynəlxalq təcrübənin nə qədər əhəmiyyətli olduğunu anlayan ailəm ölkənizin bu cəhətdən potensialını yüksək qiymətləndirərək mənim seçimimə xoş reaksiya göstərdilər.
– Atanızın Əlcəzairdə tanınmış ali təhsil müəssisəsinin rəhbəri olması diqqəti cəlb edir və istər-istəməz belə bir sual yaranır: nə əcəb, daha rahat yolu-həmin universitetdə təhsil almağı seçmədiniz?
– Atamın rəhbərlik etdiyi universitet nüfuzlu olsa da, mən fərqli təhsil sistemi və mədəniyyətlə tanış olmaq istəyirdim. Xaricdə təhsil insana müstəqillik qazandırır, dünyagörüşünü genişləndirir və unikal imkanlar yaradır. Açığı, bu fürsəti qaçırmaq istəmədim!
– Niyə məhz Bakı Mühəndislik Universiteti? Xüsusi bir kriteriya var idimi?
– BMU güclü mühəndislik proqramları, müasir infrastrukturu və multikultural mühiti ilə seçilir. Burada tələbələrin elmi-tədqiqatla məşğul olmalarına imkanlar var. Universitetin beynəlxalq təşkilatlarla olan tərəfdaşlıqları və innovasiyaya verdiyi əhəmiyyət gələcək karyera hədəflərimlə üst-üstə düşür.
– Müəllimlər, tələbə yoldaşlarınızla münasibət necədir? BMU-da təhsil alan başqa ölkələrdən olan tələbələrlə ünsiyyət qurmağa həvəslisinizmi? Yəni, beynəlxalq tələbə mühütində rahatsınız, yoxsa hansısa çətinliklər ortaya çıxır?
– Müəllimlərim çox səmimi və qayğıkeşdirlər. Xüsusilə xarici tələbələrə həssas yanaşırlar. Bu da məni sevindirir. Eləcə də yerli və beynəlxalq tələbələrlə yaxşı münasibətlər qurmuşam. Düzdür, dil fərqi bəzən maneələr yaradır, amma hər kəs mehribandır. Digər beynəlxalq tələbələrdən müxtəlif mədəniyyətlər haqqında məlumat əldə etməyi çox xoşlayıram. Bu, dünyagörüşümü zənginləşdirir.
– Tələbə olmazdan qabaq Azərbaycana səyahət etmək imkanı olmuşdumu? Ümumiyyətlə, ölkəmiz sizdə necə təəssürat yaradıb?
– Bəli, universitetə qəbul olmazdan əvvəl Azərbaycana səfər etmişdim. Səfər zamanı gözəl memarlıq nümunələri, insanların qonaqpərvərliyi və ölkənizin zəngin tarixi məni valeh etmişdi. Bakının həm ənənəvi, həm də müasir üslubun vəhdətini əks etdirməsi, xüsusilə Alov qüllələri və Xəzər dənizi mənzərələri yaddaşımda dərin iz buraxmışdı. Şuşaya da getmək şansım oldu. Şuşanı geri almaq uğrunda əsgərlərinizin böyük qəhrəmanlıq, fədakarlıq göstərmələri barədə faktlarla tanış oldum. Şuşanı gəzdim və möhtəşəm təbiətini, saf havasını çox sevdim. Doğrudan da gözəl torpaqlarınız var. Düşünürəm ki, tələbəlik həyatı həm də Azərbaycanı daha dərindən kəşf etmək, görmək, tanımaq fürsətidir və buna vaxtım olacaq.
– Azərbaycan dili, musiqisi, mətbəxi… yəqin bildiyin sözlər var, dinlədiyin musiqi, sevdiyin yeməklər də var…
– Bəli, bir neçə ifadə öyrənmişəm, məsələn: “Salam”, “Çox sağ ol” və “Necəsən?”. Bunlar gündəlik danışıqda lazımdır. Yeni sözlər bilmək ehtiyacı da yaranır ki, onları öyrənmək və yadda saxlamağa çalışıram. Musiqiyə gəlincə, muğam və müasir Azərbaycan pop musiqisini xoşlayıram. Yeməklər də əladır. Plov, dolma və qutab ən çox sevdiklərimdir. Yemək cəhətdən heç bir əziyyət çəkmirəm.
– Təhsilini başa vurduqdan sonra nələr planlayırsan? Gələcək hədəflər nədən ibarətdir?
– Magistraturadan sonra doktorantura təhsilimi də elə BMU-da davam etdirməyi planlaşdırıram. Burada keçirdiyim vaxt mənə texniki bacarıqlar və mədəniyyətlərarası uyğunlaşma qabiliyyəti qazandırdı. Bu da doktorantura təhsili almaq və ixtisasımı daha dərindən öyrənmək arzum üçün əsas üstünlüklərdir.