Dərc olunub: 04.06.2025

Elmi-pedaqoji jurnallar: elmi-pedaqoji dialoqun yaranmasında mühüm platforma

Təhsil tədqiqatçısı Böyükağa Mikayıllı saytımıza müsahibəsində elmi-pedaqoji jurnalların təhsil və pedaqogika sahəsində əhəmiyyətli rolunu ətraflı şərh edib. O, vurğulayıb ki, elmi-pedaqoji jurnallar təkcə elmi məqalələrin dərc edildiyi nəşrlər deyil, həm də elmi və pedaqoji ictimaiyyət arasında canlı dialoqun formalaşdığı mühüm platformadır. Onun fikrincə, bu cür jurnallar pedaqoji elmin inkişafına, təhsil siyasətinin təkmilləşdirilməsinə və müəllimlərin peşəkar inkişafına müstəsna dərəcədə təsir göstərir.

Böyükağa Mikayıllı qeyd edib ki, elmi-pedaqoji jurnallar vasitəsilə müəllimlər, tədqiqatçılar və təhsil işçiləri yalnız öz tədqiqat nəticələrini paylaşmaqla kifayətlənmirlər, eyni zamanda digər mütəxəssislərin ideyaları və nəzəri yanaşmaları ilə də tanış olurlar. Bu, pedaqoji elmin inkişafı üçün vacib olan sağlam elmi mühitin və məhsuldar elmi diskussiyanın formalaşmasına şərait yaradır. Elmi-pedaqoji jurnallar təkcə yeni məlumatların ötürülməsi funksiyasını yerinə yetirmir, həm də elmi mədəniyyətin formalaşmasında mühüm rol oynayır. Bu mədəniyyət təhsildə innovativ yanaşmaların tətbiqinə və yeni tədqiqat istiqamətlərinin inkişafına geniş imkanlar açır. Jurnallarda dərc olunan məqalələr, nəzəri təhlillər və praktiki təcrübələr özlüyündə tənqidi diskussiyanın predmetinə çevrilir. Belə diskussiyalar müəlliflərə öz baxışlarını inkişaf etdirməyə, mövcud nəzəriyyələri zənginləşdirməyə və pedaqoji konsepsiyaların təkmilləşdirilməsinə təkan verir. Tənqidi yanaşma eyni zamanda pedaqoji metod və texnologiyaların səmərəliliyini artırmağa xidmət edir, tədris və tərbiyə prosesini daha müasir və çevik səciyyə daşımasına yol açır.

B.Mikayıllının sözlərinə görə, elmi-pedaqoji jurnallar yeni pedaqoji texnologiyaların, metodların və yanaşmaların yayılmasında əvəzsiz rol oynayır. Müəllimlər və tədqiqatçılar müxtəlif ölkələrin təcrübələrini öyrənməklə yanaşı, həmin təcrübələri öz təhsil şəraitlərinə uyğunlaşdıraraq praktikaya tətbiq edirlər. Beləliklə, elmi-pedaqoji dialoq beynəlxalq səviyyədə də güclənir və pedaqoji elmdə müasir qlobal yanaşmaların mənimsənilməsinə şərait yaranır. Elmi-pedaqoji jurnallar həmçinin müxtəlif elm sahələrinin nümayəndələrini bir araya gətirərək pedaqoji elmdə çoxsahəli və interdisiplinar yanaşmaların təşviqinə xidmət edir. Müxtəlif müəlliflərin əməkdaşlığı, birgə tədqiqatların aparılması və beynəlxalq əlaqələrin möhkəmlənməsi təhsil sisteminin keyfiyyətinin yüksəlməsinə və tədris prosesinin zənginləşməsinə təkan verir. Bu platformalar yalnız elmi tədqiqatların paylaşılmasına deyil, həm də pedaqoji yanaşmaların qarşılıqlı zənginləşdirilməsinə imkan yaradır.

B.Mikayıllı əlavə edib ki, jurnallarda dərc olunan elmi məqalələr və tədqiqat nəticələri təhsil siyasətinin formalaşmasında da əhəmiyyətli rol oynayır. Təhsil siyasətini müəyyən edən qərarvericilər üçün bu mənbələr obyektiv elmi əsaslara söykənən güclü məlumat bazası rolunu oynayır və təhsildə islahatların daha məqsədyönlü, elmi əsaslı və davamlı şəkildə həyata keçirilməsini təmin edir. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, elmi-pedaqoji jurnallar pedaqoji elmin inkişafı və təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması baxımından əvəzsiz və strateji əhəmiyyətə malikdir. Onlar həm elmi mühitin, həm də praktik fəaliyyətin dinamik inkişafını təmin edən əsas platformalardan biridir və pedaqoji sahədə innovasiyaların yayılmasına mühüm töhfə verir.

Mektebgushesi.az