Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən BilBacar müsabiqəsinin final mərhələsi başa çatdı.
Mektebgushesi.az xəbər verir ki, final mərhələsində hər sinif üzrə 150 nəfər olmaqla ümumi 450 şagird iştirak edib. Şagirdlər 150 dəqiqə ərzində riyaziyyat, oxu və təbiət fənləri üzrə hər biri 20 sual olmaqla, ümumilikdə 60 sual cavablandırıblar.
Qeyd edək ki, hər sinif üzrə 3 nəfər birinci yerə, 6 nəfər 2-ci yerə və 9 nəfər 3-cü yerə layiq görüləcək.
2024-cu ilin oktyabr ayından start verilən müsabiqədə respublikanın 2000-ə yaxın ümumi təhsil müəssisəsinin VIII, IX və X siniflərindən 170 000-ə yaxın şagird iştirak edib.
Şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq və eyni zamanda, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etmək məqsədilə həyata keçirilən müsabiqənin mükafatlandırma tədbiri yaxın günlərdə keçiriləcək.