Mektebgushesi

Dərc olunub: 05.06.2025

Tovuz Dövlət Peşə Təhsil Mərkəzi və Qazax-Tovuz Regional Məşğulluq Filialının birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Tovuz rayon bölməsinin təşkilati dəstəyi ilə “Peşə təhsilinin inkişafında dövlət-özəl tərəfdaşlığının rolu” adlı birinci regional forum keçirilib.

Mektebgushesi.az  AZƏRTAC-a istinadən xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd peşə təhsili müəssisələri ilə sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, peşə təhsili məzunlarının əmək bazarına sürətli və uyğun şəkildə inteqrasiyası, sahibkarlıq subyektlərinin kadr ehtiyaclarının təhlili və qarşılanması, dövlətdən asılılığın azaldılması, eləcə də iqtisadiyyatın gücləndirilməsində mühüm rola malik olan özəl sektorun ixtisaslı kadrlarla təminatının artırılmasıdır.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Tovuz Gənclər Evi Sosial Xidmət müəssisəsinin nümayəndələri ilə yanaşı region üzrə fəaliyyət göstərən 40-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Forum çərçivəsində tərəflər arasında real əməkdaşlıq imkanları, peşə təhsili üzrə yeni təşəbbüslər, istehsalatın müasir çağırışlara uyğun şəkildə təşkili və insan kapitalının səmərəli formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.Tədbirdə sahibkarları maraqlandıran suallara cavab verilib.

Sonda Peşə Təhsili Mərkəzinin tələbələrinin hazırladıqları əl işləri nümayiş etdirilib.