“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları üzrə imtahanında iştirak etmiş 1446 nəfər iştirakçıdan 330 nəfəri yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
Müsabiqənin İşçi Qrupundan bildirilib ki, nəticələrə əsasən, keçid balı 555 T-bal təyin edilib. Onlardan 246 nəfəri kişi, 84 nəfəri isə qadındır.
Qarşıda iştirakçıları “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi gözləyir. Yarımfinal mərhələsi iyulun 4-6-da baş tutacaq. Yarımfinal mərhələsindən sonra iyulun 18-20-də isə final mərhələlərinin keçirilməsi ilə beşinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Prezident İlham Əliyev 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.