Dərc olunub: 11.06.2025

Rumıniyanın Galati Universitetinin nümayəndə heyəti LDU-da görüşlərini davam etdirir.

Bu barədə Mektebgushesi.az -a LDU-dan məlumat verilib.

Bildirilib ki, Rumıniyanın “Dunarea de Jos” Galati Universitetinin nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə səfəri çərçivəsində bu gün LDU-nun rektor müşaviri, prof. Mikayıl Məhərrəmovla görüşüb. Görüşdə tərəflər Qida mühəndisliyi sahəsində ikili dövlət proqramlarının təşkili və tədbiqi mövzusunu müzakirə ediblər. Müzakirə zamanı tədris proqramlarının eyniləşdirilməsi, birgə elmi seminar və konfransların təşkili, tədqiqatların aparılması, LDU-nun magistratura pilləsini bitirən məzunların Rumıniyanın Galati Universitetinin doktoranturasında təhsillərini davam etdirməsi, kadr hazırlığının vəziyyəti və s. məsələlər müzakirə edilib. Görüşdən sonra rumıniyalı qonaqların LDU ilə sıx əməkdaşlıq edən Lənkərandakı MMC çay fabrikinə səfəri təşkil edilib. Çay emalı müəssisəsinin işi ilə əyani tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

Lənkəran Dövlət Universitetinin Elektron Universitet layihəsi ilə tanışlıq rumıniyalı qonaqlar üçün maraqlı olub. Layihə barədə Elektron Universitet layihəsinin rəhbəri Mayis Eyniyev məlumat verib. Bildirib ki, LDU-nun Elektron Universitet sistemi tələbələr, müəllimlər və inzibati heyət üçün nəzərdə tutulmuş rəqəmsal təhsil idarəetmə platformasıdır. Bu sistem tədris prosesini elektron mühitdə idarə etməyə, izləməyə və qiymətləndirməyə imkan verir. Layihə tədris prosesində iştirak edən sturktur vahidlər haqqında elektron məlumat bazasının yaradılması, semestr üzrə aralıq və yekun nəticələrin avtomatik hesablanaraq tələbənin şəxsi elektron kabinetinə yerləşdirilməsi, kollokvium və imtahanlar zamanı vaxtın tələbə tərəfindən özünün şəxsi kabineti vasitəsi ilə elektron qaydada müəyyən edilməsi, nəticələrinin tələbələrin şəxsi kabinetinə yerləşdirilməsinin avtomatlaşdırılması və s. məqsədi daşıyır.

Rumıniyanın “Dunarea de Jos” Galati Universitetinin nümayəndə heyəti ilə LDU-nun professor-müəllim-tələbələrinin görüşü universitetin geniş Akt zalında keçirilib. Görüşü LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev açaraq rumıniyalı qonaqları tədbir iştirakçılarına təqdim edib, LDU ilə “Dunarea de Jos” Galati Universiteti arasında yaranan əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün faydalı olacağından danışıb. Galati Universitetin rabitə, təşviqat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elena Bujor təmsil etdiyi universitet barədə slaydlar vasitəsilə ətraflı məlumat verib, elmi tədqiqat sahəsində əldə etdiyi uğurlardan danışıb. Görüşdə qonaq universitetin fakültə dekanlarından dos. Karmelia Mariana Dragomir Balanica, dos. Kristian Vasile Dima, müəllim Qabriela-Alina Cioromele çıxış edərək təmsil etdikləri universitet barədə söz açıblar, LDU-nun tələbə və müəllimlərini maraqlandıran sualları cavablayıblar.

LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji-Kolleci tələbələrinin ifasında konsert proqramı qonaqlarda xoş təəssürat yaradıb. Görüşün sonunda Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov Rumıniyanın “Dunarea de Jos” Galati Universitetinin nümayəndə heyətinin təmsilçilərinə xatirə hədiyyələri və LDU-nun sertifikatlarını təqdim edib. Sonda xatirə şəkilləri çəkilib.