Bu barədə Mektebgushesi.az -a Konfutsi İnstitutundan məlumat verilib. İnstitutun direktoru Rafiq Abbasov qeyd edib ki, bu bayramın keçirilməsi Çinin mədəni və təbii irsinin, eləcə də ənənəvi Çin mədəniyyətinin qorunub saxlanmasının, populyarlaşdırılmasının və qorunmasının vacibliyini dərk etməyə, habelə mədəni irsin ölkənin müasir həyatının ayrılmaz hissəsinə çevrilməsinə xidmət edir. Çində İrs Günü irsin qorunması ideyasını təbliğ etmək üçün ümummilli kampaniyanı, ənənəvi incəsənət və sənətkarlıq nümunələrinin müxtəlif sərgi və yarmarkalarını, həmçinin opera artistlərinin çıxışlarını, kukla teatrlarını, sirkləri, ənənəvi mahnı və rəqs mədəniyyəti festivallarını əhatə edir. Yüksək texnologiyaların tətbiqi sayəsində rəqəmsal muzeylər və virtual reallıq texnologiyaları vasitəsilə tarixi və mədəni irsin əlçatanlığı artır.
Rafiq Abbasov mühazirəsində mədəni irsin qorunub saxlanmasında və Azərbaycan mədəniyyətinin xaricdə təbliğində Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayıb.
İnstitutun direktoru mühazirəsində, həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü dünya sivilizasiyalarının müxtəlifliyinə hörmətin qorunub saxlanılması, bütün bəşəriyyətin ümumi dəyərlərinin dəstəklənməsi, humanitar mübadilənin və əməkdaşlığın inkişaf etdirilməsi, dünya mədəniyyətlərinin qarşılıqlı zənginləşdirilməsi məqsədi daşıyan qlobal sivilizasiya təşəbbüsündən danışıb. O qeyd edib ki, Çində mədəni irsə unikal mənəvi dəyər, bilik sistemi, düşüncə tərzi, etik və emosional vəziyyət, Çin xalqının yaradıcılığının təcəssümü, Çin mədəni iqtisadiyyatının mühüm tərkib hissəsi kimi yanaşılır. R. Abbasov Çinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş yerləri – Böyük Çin Səddi, Min və Qinq sülalələrinin İmperator sarayları, İmperator Qin Shi Huang türbəsi və Terrakota ordusu və At Fiqurları Muzeyi, Pekində Yiheyuan Parkı və Göy Məbədi, Qufuda Konfutsi məbədi, Vudanşan, Taişan, Huanşan, Luşan dağlarında təbii mənzərələr və qədim memarlıq ansamblları haqqında da söz açıb.