Dövlət İmtahan Mərkəzi (DİM) III ixtisas qrupu üzrə qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlərin adlarını açıqlayıb. Onların arasında 2 nəfər 400 bal toplayaraq ən yüksək nəticəni əldə ediblər.
Mektebgushesi.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, imtahanda ən yüksək nəticə – 400 bal toplayan 2 nəfərdən biri Qazax rayonu 1 nömrəli şəhər tam orta məktəbinin məzunu Əli Ruslan oğlu İbrahimovdur. Əli imtahanın birinci mərhələsində 290 bal toplayıb.
Ə.İbrahimov Qazax rayonu Səlim Əfəndiyev adına 1 nömrəli şəhər tam orta məktəbinin məzunudur. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 690 bal toplamaqla ikinci ən yüksək nəticəni göstərən abituriyentdir.
Əli artıq gələcək təhsili üçün universitet və ixtisas da seçib. “İmtahanda maksimal bal toplamaq üçün hazırlığım bir qədər çətin keçdi. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. İmtahanın ümumi səviyyəsi isə orta idi. Buraxılış imtahanında həyəcan səbəbindən bir neçə mexaniki səhvə yol verdim. 2 mexaniki səhvim oldu. Bu səbəbdən də balım bir qədər aşağı gəldi. İmtahana hazırlaşarkən ən birinci şərt insanın öz iradəsinə hakim olmasıdır. Bu zaman insan intizamlı çalışa bilər. Çox çalışmaq isə uğurun ən birinci şərtidir, onun açarıdır” –deyə, Əli İbrahimov bildirib.
Anası Günel İbrahimova da oğlunun məzun olduğu məktəbdə müəllim işləyir. O, oğlunun uğur qazanacağına inanırdı: “Əli gecə-gündüz oxuyurdu, çox əziyyət çəkirdi və əziyyətinin də yüksək nəticəsini gördü. Həmişə ona dəstək olub, ruh yüksəkliyi verirdim. Bəzən görürdüm kitab oxuyub divanda kitab da qucağında yatırdı. Valideyn kimi bu yolda ona hər cürə dəstək olmuşuq.”
Əlinin bu nəticəni əldə etməsində təhsil aldığı məktəbin müəllimləri, həm də valideynlərinin rolu danılmaz olub. Əli bu uğura qədər dəfələrlə fərqli müsabiqələrin də birincisi olub. Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medalçısıdır. İntellektual oyunlarda da zona və respublika üzrə müəyyən uğurları olub. Həmçinin “Əlaçı” verilişində də iştirakçı olub.






