“Təhsilin inkişafı və gələcək nəsillərin qarşıdakı çağırışlara hazırlıqlı olması üçün atılan addımlar çox önəmlidir”.
Mektebgushesi.az xəbər verir ki, bunu VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında Elm və Təhsil nazirinin müavini Həsən Həsənli çıxışı zamanı bildirib.
“Məktəblərdə şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, onların yeni dövrün tələblərinə uyğun yetişdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu tip layihələr və təlimlər uşaqlarda özünə inam hissini formalaşdırır və uzunmüddətli dövrdə həm əmək bazarına, həm də ölkənin iqtisadi və sosial inkişafına ciddi töhfələr verir.
Əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir. Sevindirici haldır ki, obyektiv göstəricilərlə ölçülən bu reytinqlərdə artıq bəzi nəticələr əldə olunub və yaxın günlərdə daha yeni uğurların açıqlanması gözlənilir.
COVID-19-dan sonra baş verən təhsil transformasiyası, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq qiymətləndirmələrə iqlim dəyişikliyi, yaşıl enerji və davamlılıq kimi mövzuların inteqrasiyası bu dəyişimin bariz nümunəsidir. Bu təşəbbüs artıq dəstək qazanıb və 2025-ci ildə rəsmi şəkildə tətbiqi planlaşdırılır”.