Dərc olunub: 13.06.2025

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələri uşaqlarının təqdimatında konsert proqramı keçirilib.

Bununla bağlı təşkil olunmuş tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili sektorunun müdiri İlahə Rəsulova, Elm və Təhsil Nazirliyi və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şuranın üzvləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndəsi, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, məktəb direktorları, müəllimlər, uşaqlar, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konsert proqramında uşaqlar Vətənə, bayrağa, təbiətə həsr olunan şeirlər, mahnılar söyləyib, maraqlı kompozisiyalar, rəqs nümunələri nümayiş etdiriblər.

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova maraqlı və yaddaqalan çıxışlara görə uşaqlara, onların müəllimlərinə təşəkkürünü bildirib. N.Hüseynova Azərbaycanda dövlət səviyyəsində uşaqlara göstərilən diqqət və qayğıdan, onların təlim-tərbiyəsi, təhsili üçün yaradılmış imkanlardan danışıb. Uşaqlara göstərilən qayğını gələcəyə qoyulan sərmayə kimi dəyərləndirən N.Hüseynova balaca fidanların mənəvi tərbiyəsi, saf ideyalarla yetişməsinin vacibliyindən söz açıb.

MÜTDA-nın şöbə müdiri İlahə Rəsulova səhnədə rəngarəng və məharətli çıxışlar nümayiş etdirən uşaqlara təşəkkür edib, sabahın qurucuları kimi onların sağlam, xoşbəxt və milli dəyərlər ruhunda yetişməsində cəmiyyət olaraq hər kəsin məsuliyyət daşıdığını söyləyib.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.