Mektebgushesi

Dərc olunub: 14.06.2025

“Hazırda ölkə üzrə 67 məktəbdə inklüziv təhsil təşkil olunur. Növbəti tədris ilindən bu siyahıya əlavə olaraq 24 məktəb də daxil ediləcək”.

Mektebgushesi.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov deyib.

O bildirib ki, inklüziv təhsilə qoşulacaq yeni məktəblər həm Bakı şəhərini, həm də regionları əhatə edəcək.

Anar Xələfov qeyd edib ki, bu sahədə aparılan islahatlar nəticəsində artıq sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsilə çıxış imkanları xeyli genişlənib: “Bu günə qədər 333 uşaq inklüziv təhsilə cəlb olunub, təxminən 12 min uşaq isə xüsusi təhsil proqramları üzrə təhsil alır.

Artıq valideynlər övladlarını gizlətməyə çalışmırlar. Əksinə, onların sosial həyata inteqrasiyası və ümumi xidmətlərdən yararlanması üçün daha çox təşəbbüs göstərirlər. Bu da cəmiyyətdə inklüzivlik mədəniyyətinin formalaşdığını göstərir”.