Mektebgushesi

Dərc olunub: 14.06.2025

Azərbaycanda 70 mindən çox müəllimə diferensial maaş artımı tətbiq olunacaq.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, növbəti həftə keçiriləcək sertifikatlaşdırma imtahanlarında təxminən 22 min təhsilverənin iştirakı nəzərdə tutulur. Sertifikatlaşdırma prosesinə hazırlıq artıq yekunlaşmaq üzrədir:

“Prosesin nəticələri onu deməyə əsas verir ki, qarşıya qoyulan hədəflərə nail olunur. Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Bu proses müəllimlər üçün davamlı inkişaf və nəticələrin yaxşılaşdırılması baxımından ciddi stimuldur”.

Agentlik direktorunun sözlərinə görə, 2022-ci ildən keçirilən sertifikatlaşdırma prosesində indiyədək 64 901 müəllim iştirak edib. Onların 17 426 nəfərinin vəzifə maaşına 35 faiz, 38 084 nəfərinin 10 faiz artım tətbiq olunub.

“Builki sertifikatlaşdırma prosesindən sonra maaşını diferensial qaydada artımla alacaq müəllimlərin sayı 70 min nəfəri ötəcək”, – deyə Eşqi Bağırov əlavə edib.

O, həmçinin vurğulayıb ki, keyfiyyətli təhsil anlayışı keyfiyyətli müəllimlə birbaşa bağlıdır: “Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Bu hüququn təmin olunmasında əsas amil isə məhz müəllimin peşəkarlıq səviyyəsidir. Sertifikatlaşdırma da bu tələbi ödəyir”.