Dərc olunub: 14.06.2025

“Əziz məzunlarımız, bu gündən həyatın yeni dövrü, məsuliyyətli, çevik qərarlar qəbul etməli olduğunuz günlər başlayır. Sizi bu həyata məktəb, müəllimləriniz hazırlayıb. Bu səbəbdən ilk növbədə sizi yetişdirən müəllimlərə təşəkkür etməliyik”.

Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Naxçıvandakı Heydər Əliyev adına tam orta məktəbdə təşkil olunan “Son zəng” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, siz xoşbəxt şagirdlərsiniz ki, Heydər Əliyev adına məktəbin məzunlarısınız. Bunun böyük rəmzi mənası var.

“Bu məktəb artıq 21 ildir fəaliyyət göstərir. Gəlin, 21 il öncəyə nəzər salaq. 21 il öncə torpaqlarımız işğal altında idi. Beynəlxalq arenada bu faktla barışmağa, mübarizəmizi dayandırmağa, bunu qəbul etdirməyə çalışırdılar. Lakin bu gün biz ərazi bütövlüyünü öz gücünə bərpa etmiş, suverenliyini qazanmış bir ölkədə yaşayırıq. Bu tarix hər birimiz üçün bir dərs, həyat nümunəsidir.

Bizim milli ideyaya, milli missiyaya bağlılığımız da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əgər siz həyatda uğura nail olmaq istəyirsinizsə, bunun üçün Ulu Öndərin həyatından gözəl nümunə ola bilməz.

Onun davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuz sayəsində, şəhidlərimizin canı, qanı bahasına torpaqlarımız işğaldan azad olunub.

Bu gün Xankəndidə, Xocalıda, Şuşada, Cəbrayılda da məzunlarımız var. Onlar “Son zəng” tədbirlərini öz doğma yurd yerlərində qeyd edirlər.

Bilikli, bacarıqlı gənclərin yetişməsində məktəbin, müəllimlərin üzərinə böyük missiya düşür. Bu gün məzun gününə yığışdığımız bu məktəbdə bir neçə ay sonra Bilik Günü qeyd olunacaq. Beləliklə, proses davam edəcək. Bu işi biz hər il daha yaxşı görə bilsək, düşünürəm ki, qısa müddətdə böyük nəticələr əldə etmiş olacağıq. Bura qədər gəldiyimiz yol sübut edir ki, biz bunun öhdəsindən gələ bilərik.

Bu gün təhsil sahəsində böyük islahatlar aparılır, müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Müəllimlərin əməkhaqqı islahatı, təlimi, karyera yüksəlişi ilə bağlı görülən işlər təhsilimizin inkişafı üçün möhkəm zəmin yaradır.

Əziz məzunlar, ali təhsil növbəti mərhələ, yeni bacarıqlara nail olmaq üçün bir imkandır. Xüsusilə son illərdə ali təhsil müəssisələrinə qəbul olanların sayı artmaqdadır. İnanıram ki, istər Naxçıvanda, istər ölkəmizin digər yerlərində və ya ölkə xaricində təhsilini davam etdirən gənclərimiz səriştəli, peşəkar kadrlar olaraq dövlətimizə xidmət edəcəklər.

Hər birinizə uğurlar arzu edir, müvəffəqiyyətlərinizin davamlı olmağını arzu edirəm”.