Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan Autizm Assosiasiyasının nəzdində müasir müalicə mərkəzi yaradıb.
Autizm başda olmaqla xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası və müalicəsinə dəstək vermək məqsədilə TİKA tərəfindən Azərbaycan Autizm Assosiasiyası nəzdində qurulan bu otaqlar TİKA sədrinin müavini Dr. Ümit Naci Yorulmazın iştirakı ilə keçirilən mərasimdə açılıb.
Açılış mərasimində TİKA sədrinin müavini Dr. Ümit Naci Yorulmaz, Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədov, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələri iştirak ediblər.
Tədbirdə çıxış edən sədr müavini Yorulmaz TİKA-nın 1994-cü ildən bəri Azərbaycanda fəaliyyət göstərdiyini, lakin ilk dəfə bu cür bir layihəni həyata keçirdiklərini bildirərək deyib:
“Uzun müddətli və davamlı bir səbr tələb edən bu yolda, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək vermək məqsədilə Duyu Bütünləmə Otağı və Qaranlıq Otaq yaratdıq. Belə bir layihənin bir parçası olmaqdan, bu xüsusi balalarımızın sevincini paylaşmaqdan qürur duyuruq, sevincliyik.”
Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov isə ölkədə xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara yönəlik görülən işlər barədə məlumat verərək deyib:
“Yaradılan bu otaqlar bizə və autizmli uşaqlara TİKA-nın bir hədiyyəsidir. Bu səbəbdən həm TİKA-ya, həm də Türkiyəyə təşəkkür edirəm.”