İyunun 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə həyata keçirdiyi “Məktəbəqədər təhsildə liderlik” proqramının I çağırışı və “Məktəb liderliyi” proqramının II çağırışı üzrə bağlanış mərasimləri keçirilib. Tədbirdə dövlət rəsmiləri, universitet rəhbərliyi və sturuktur rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri və proqramların məzunları iştirak ediblər.
Əvvəlcə vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib, daha sonra ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin xor kollektivinin ifasında Dövlət Himni səsləndirilib. Daha sonra Tofiq Quliyevin “Sevinc mahnısı” ifa olunub.
Mərasimi giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, liderlik bacarığı bu gün təhsildə ən çox ehtiyac duyulan, eyni zamanda böyük məsuliyyət tələb edən anlayışdır. Xüsusilə təhsil müəssisələrində liderlər, sadəcə sahə üzrə mütəxəssis deyil, eyni zamanda ilhamverici, çevik qərar verən, ortaq vizyon yaradan və insanları bu vizyona inandıran şəxsiyyətlər olmalıdırlar və bu proqramlar, sadəcə idarəetmə bacarıqlarına sahib şəxsləri deyil, təhsil müəssisələrində dərin düşüncə ilə liderlik edəcək, dəyişimi yönləndirəcək və inkişafı davamlı edəcək şəxsləri yetişdirməyi qarşısına məqsəd qoyub. Təhsil liderinin müəssisənin bütün maraqlı tərəfləri ilə düzgün kommunikasiya qurmağı bacarmalı, yeri gəldikdə çevik qərar verməli, liderlik etdiyi qurumda insanları ortaq vizyona inandırmalı və bu vizyona çatmaq üçün onları səfərbər etməli olduğunu vurğulayan rektor XXI əsrin təhsil liderlərinin ərsəyə gəlməsində sahə bilikləri ilə yanaşı, məhz “Məktəb liderliyi” və “Məktəbəqədər təhsildə liderlik” proqramları kimi layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Çıxış edən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli proqram iştirakçılarının əldə etdikləri nəzəri və praktik biliklərin gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliyini ifadə edib, onları qarşıda gözləyən vəzifələrdə uğurlar diləyib. Qeyd edilib ki, həm məktəbəqədər təhsil, həm də ümumi təhsil ölkənin intellektual potensialının formalaşdığı baza mərhələləridir. Bu sahələrin gücləndirilməsi, burada çalışan pedaqoji və idarəçi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsidir.
Nazirlik tərəfindən bu istiqamətdə aparılan işlərdən danışan M.Kərimli diqqətə çatdırıb ki, müəllimlərin sertifikasiyaya cəlbi prosesi uğurla davam edir. Bu il 20 min müəllimin bu prosesə cəlbi nəzərdə tutulub, indiyədək isə ümumilikdə 63 min müəllim sertifikasiyadan keçib. Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 70 minədək müəllim qeydiyyatdan keçib.
Aparat rəhbəri onu da qeyd edib ki, bu proqramlar vasitəsilə təhsil rəhbərləri müasir idarəetmə bacarıqları ilə yanaşı, liderlik mədəniyyəti, sosial emosional dəstək və komandaların qurulması sahəsində də ciddi bilik və vərdişlər qazanırlar. Bu isə birbaşa təhsil müəssisələrinin daxili mühitinə, tədrisin keyfiyyətinə təsir göstərir.
Daha sonra hər iki proqramın iştrakçısı olmuş və məktəbəqədər və ümumtəhsil müəssisələrində rəhbər vəzifələrdə çalışan məzunlar proqramla bağlı təəssüratlarını bölüşüblər.
Mərasim məzunların təltif edilməsi ilə davam edib. Qeyd edək ki, “Məktəbəqədər təhsildə liderlik” proqramının I çağırışı üzrə 100 nəfər, “Məktəb liderliyi” proqramının II çağırışı üzrə isə 121 nəfər olmaqla, ümumilikdə 221 nəfər məzun olub.
Tədbirin bədii hissəsində tələbələrin ifasında müxtəlif ifalar və kompozisiyalar təqdim olunub.