İyunun 18-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.
Qaydalara müvafiq olaraq, sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 528 təhsilverən (ötən illərdən qalan riyaziyyat, Azərbaycan dili və Ədəbiyyat, Azərbaycan dili, ingilis dili və digər xarici dillər üzrə peqaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş ilk dəfə iştirak edən təhsilverənlər) sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri Anar Qədiməliyev, Xəyalə Əhmədzadə, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri imtahan mərkəzlərinə gəlib və imtahan öncəsi müəllimlərə öz tövsiyələrini verib, uğurlar arzulayıblar.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18, 19, 20, 24 və 25 iyun tarixlərində Bakı şəhəri üzrə 9 imtahan mərkəzində təşkil edilir.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.
Onu da qeyd edək ki, test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.
Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!