Dərc olunub: 18.06.2025

 

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin “Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı arxiv sənədlərdə (1813-1828)” adlı monoqrafiyası çap olunub.

Monoqrafiya cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illiyi ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin geniş ictimaiyyətə təqdim olunması məqsədilə hazırlanmışdır. Tarixi hadisələrlə zəngin olan XVIII əsrin II yarısı Azərbaycanın dövlətçilik tarixində mühüm bir dövrü təşkil edir. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə əzəli Azərbaycan torpaqlarının Qacarlar İranı və Çar Rusiyası tərəfindən işğalı arxiv sənədləri əsasında elmi mənbələrə istinad olunaraq araşdırılmışdır.

Lənkəran REM-in Elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın Elmi redaktoru və ön sözünün müəllifi, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərovdur. Rəyçilər Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri tarix elmləri doktoru, professor İradə Hüseynova və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvvəlləri tarixi şöbəsinin müdiri, Elm üzrə Dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənovdur.

Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və AMEA prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Milli Elmlər Akademiyası: inkişaf mərhələləri və müasir dövr” adlı məqaləsi də yer almışdır.

T.ü.f.d. Cəmil Quliyevin oxuculara təqdim etdiyi monoqrafiya 5503.02 “Vətən tarixi” ixtisası üzrə elmi-tədqiqatlarla məşğul olan alimlər, mütəxəssislər, dissertantlar üçün əhəmiyyətli mənbədir.