Mektebgushesi

Dərc olunub: 18.06.2025

Video məzmun yaradılması üçün aparıcı platforma olan “TikTok” Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən ilk #AzərbaycanMüəllimləri müsabiqəsinin yekunlarını açıqlayıb.

Mektebgushesi.az xəbər verir ki, müsabiqə biliklərini və təhsil məzmununu geniş auditoriyaya çatdırmaq üçün yaradıcı yanaşmalardan istifadə edən ölkənin dörd bir yanından istedadlı müəllimləri bir araya gətirib.

Müsabiqədə iştirak etmək üçün məktəb, kollec və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunub. Bunun üçün onlardan öz fənləri haqqında maarifləndirici videoları platformada paylaşmaları tələb olunurdu. Ölkənin müxtəlif bölgələrindən yüzlərlə müəllim müsabiqədə iştirak edib, #AzərbaycanMüəllimləri həştəqi ilə 4 mindən çox təhsil videosu paylaşılıb.

Müsabiqənin qalibləri yüksək keyfiyyətli tədris videoları paylaşan və çox sayda baxış toplayan üç müəllim olub:

Günel Əkbər

– Bakı şəhəri, 12 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir. Günel “TikTok”da böyük məşhurluq qazanıb, artıq 700 mindən çox izləyicisi var. O həm maarifləndirici, həm də məktəb həyatından sevincli və duyğulu anları paylaşır.

Aysel Yaqub

– Bakı şəhərindəki “Simurq” liseyində riyaziyyat və informatika müəllimidir. Həyatsevər və həmişə gülərüz olan Aysel şagirdlərini çox sevir və onlar da ona qarşı eyni sevgini göstərirlər. O, “TikTok”da müxtəlif riyazi məsələlərin həllinə dair izahlar və faydalı məsləhətlər paylaşır.

Bəxtiyar Bəxtiyarlı

– Yardımlı rayonu İlqar Şəkərov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Müxtəlif çətin mövzuların izahı ilə yanaşı, Bəxtiyar öz videolarında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında danışır.

“Bu il Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan müəllimləri üçün yeni bir təşəbbüs irəli sürdük. Ölkədə çox sayda yaradıcı müəllimin qısa videolar vasitəsilə təhsil məzmununu yeni və maraqlı formatda təqdim etdiyini görürük. Ümid edirik ki, bu müsabiqə Azərbaycanda müsbət ənənəyə çevriləcək və müəllimlərin sayəsində ”TikTok” platformasında müxtəlif fənlər üzrə biliklər daha geniş auditoriyaya çatacaq”, – deyə Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada “TikTok”un əməliyyatlar üzrə rəhbəri Melis Çağlar bildirib.

Müsabiqənin qaliblərinə dəyərli hədiyyələr – “TikTok” platforması üçün keyfiyyətli kontent yaratmağa kömək edəcək “iPhone 16 Pro” smartfonları təqdim olunacaq.