Dərc olunub: 14.12.2022

 

Bu gün təhsillə bağlı dünyamızda müxtəlif proqramlar, metodlar və yanaşmalar mövcuddur.  Onlardan biri də Waldorf metodudur. Hansı ki, təməlində sosial statusundan, irqindən, cinsindən asılı olmayaraq bütün uşaqların birgə təhsil alması və hərtərəfli inkişafını təmin etmək durur.

Əsası təxminən 100 il öncə, 1919-cu ildə Almaniyada Birinci Dünya müharibəsindən sonra Rudolf Steiner tərəfindən qoyulub. Bu gün 60-dan çox ölkədə, minlərlə məktəbdə tətbiq olunan bu metodun yaradıcısı Avstryalı filosof, sosial islahatçı olan Rudolf Steiner inanırdı ki, şagird mərkəzli bu sistem yenicə müharibədən çıxmış, böhran vəziyyətində olan Almaniya üçün fərqli bir gələcəyin təməli olacaq.

Rudolf Steiner təhsilin sosial struktura, cəmiyyətin inkişafına təsirini araşdıraraq, onun fəlsəfəsinə xüsusi maraq göstərirdi. Steiner-in araşdırmalardan gəldiyi qənaət bu idi ki, şagird mərkəzli, uşaqların inkişafını təmin edən bir sistem qurulmalıdır. O şagirdin mərkəzdə, müəllimin isə bələdçi olduğu bir metod olan Waldorf metodunu yaratdı.

Rudolf Steiner-ə görə hər uşağın fərqli fərdi ehtiyacları, xarakteri, düşüncə və qabiliyyətləri vardır. Uşaqlarda yaradıcılıq qabiliyyəti emosional və digər xüsusiyyətlərin qarşılıqlı təsiri ilə formalaşır. Bu metodun əsasını təşkil edən orqanlar beyin, ürək və əllərdir.

Ümumiyyətlə qəbul olunmuş gerçəklikdir ki, hər uşağın öz potensialı var. Münbit şərait olduqda bu potensial ortaya çıxır. Waldorf metoduna görə uşaqların qabiliyyətlərini ortaya çıxarmaq üçün isə məcburiyyətə, tələskənliyə yol vermək olmaz.

Waldorf metodunun əsasında nələr durur?

Waldorf metodunda uşağın şəxsi inkişafı dəstəklənir. Onların sosial, əxlaqi, emosional,  fiziki və əqli cəhətdən hərtərəfli inkişaf etmələrini təmin etməyə xüsusi önəm verilir. Bu metodun özəlliklərindən biri də şagirdlərin özlərinə inamını təmin etmək, məntiqi və tənqidi düşünmək qabiliyyətinə malik, müxtəlif bacarıqlara yiyələnməsinə şərait yaratmaqdır. Uşaqların musiqi, sənət, oyun vasitəsilə kəşf edərək, yaşayaraq öyrəndiklərinə inanılır. Onların rəqabət yerinə yardımlaşaraq, iş birliyi əsasında öyrəndikləri əsas götürülür. Şagirdlərdə öyrənmə həyəcanını yaşadıqdan sonra akademik durumlarını daha da inkişaf etdirməyin asan olduğu düşünülür. Öyrənmə qabiliyyətinin formalaşdırılması akademik nailiyyətin əldə edilməsinin əsasında durur. Dərs proqramları planlanarkən şagirdlərin nəyi öyrənmələrindən daha çox, nələri öyrənə biləcəkləri nəzərə alınır.

Waldorf metoduna görə tədris proqramları hazırlanarkən şagirdlərin yaşadıqları ərazi nəzərə alınarsa onların öyrəndiklərinin real həyatları ilə əlaqələndirilməsi asan olur. Bu metoda görə qiymətləndirmənin məqsədi şagirdi yaxşı tanıyıb inkişafına dəstək olmaqdır. Bu məqsədlə müəllimlər şagirdlərin inkişafıyla bağlı geniş hesabatlar hazırlayırlar. Waldorf metodunun özəlliklərindən biri də burada uşağın xəyal gücünün, empatiyasının, sosial məsuliyyətinin və əxlaqi dəyərlərinin inkişafına eyni dərəcədə önəm verilməsidir. Waldorf məktəblərində mərkəzi idarəetmədən asılı olmayan bir idarəetmə forması var.

Waldorf metodu məktəblərdə necə tətbiq olunur?

Waldorf məktəblərində təhsil müddəti 12 ildir. İbtidai təhsil müddəti olan 8 il ərzində tədris prosesinin bir müəllimin iştirakı ilə aparılmasına çalışılır. Sinif otaqlarının böyük və çox yaxşı formada dizayn olmasına xüsusi önəm verilir.  Bundan başqa şagirdlər sinif otaqlarını öz mədəniyyətlərinə, adət-ənənələrinə uyğun formada dizayn edə bilirlər. Bu məktəblərdə təbiət sevgisini şagirdlərə öyrətmək hədəf olaraq görülür. Buna görə də məktəb, həmçinin sinif otaqları təbii ortama ən yaxın formada təşkil edilir və şagirdlərin təbiətlə bütünləşməsinə çalışılır. Təbiətdə gedən proseslərin insan həyatına, psixologiyasına, onun mənəvi dünyasına təsir etdiyi nəzərə alınaraq, təbii vasitələrdən – taxta, daş, bitkilər və s. istifadə olunur.

Waldorf məktəblərində şagirdlərə müxtəlif mövzulu mifik hekayələr də danışılır ki, bu da şagirdlərin təxəyyülünün inkişafına səbəb olur. R.Steiner-in “Bütün biliyimiz təxəyyülümüz qədərdir” yanaşması məktəblərin fəaliyyətinə də təsirini göstərmişdir.

Xarici dil tədrisinə adətən 1 və 2-ci siniflərdə yer verilir. İbtidai təhsil səviyyəsində test kitablarından istifadə edilmir. Siniflərdə texnologiyadan istifadə yox dərəcəsindədir. Dərslər daha çox rəsm, musiqi və drama kimi bölümlərə ayrılaraq keçirilir. Dərs arası vaxtlarda musiqidən istifadə olunur.

Waldorf metodunda uşaqların inkişaf səviyyələrinə hər zaman hörmətlə yanaşılır. İnkişaf üçün hər zamanın doğru olduğuna inanılır. Waldorf məktəblərində təhsil alan bir şagird oxumağı üçüncü sinifdə öyrənə bilər. Bu çox təbii qarşılanan bir haldır. Əsas olan tez bir zamanda oxumaq deyil, hazır olduğunda oxumaqdır.

Waldorf metodunda məktəbin və müəllim rolu

Waldorf müəllimləri yenilikçidirlər. Dünyaya və insanlığa dəyər verirlər. Onlara görə erkən inkişaf dövrü şəxsiyyətin formalaşmasında “qızıl dövr” hesab olunur. Buna görə də bütün plan və proqramlarını həmin dövrə əsasən qururlar.

Waldorf məktəblərində hər səhər şagirdlər sinfə daxil olarkən müəllimləri onlarla adlarını tək-tək çağıraraq salamlaşırlar. Hər gün səhər söhbətlərində şagirdlərin dinləmək və müzakirə aparmaq bacarıqlarını formalaşdırmaq üçün əllərindən gələni edirlər.

Müəllimlər filosof, şair, rəssam, elm-sənət adamı, musiqiçi və təbiətsevərdirlər və şagirdlər müəllimlərinin özlərini peşələrinə həsr etdiklərini hiss etməlidirlər.

Müəllimin başqa bir vəzifəsi də şagirdlərinin sosial, fiziki, mənəvi və psixoloji cəhətlərdən inkişafını təmin etmək və qorumaqdır. Müəllimlər sinif mühitini stresdən uzaq, keyfiyyətli öyrənmənin mövcud olduğu bir formada qurmaqda çox maraqlıdırlar.

Uşaqlarda məsuliyyət hissini gücləndirmək üçün müəllim onlara məktəb və sinif otağında müəyyən işlər tapşırır. Şagirdlər bu tapşırıqları yerinə yetirərkən heç zaman məcbur edilmir, əksinə öz istəklərinə uyğun iş bölgüsü aparırlar.

Waldorf sistemində məktəb-ailə əlaqələri

Waldorf metoduna əsasən şagirdlərin nailiyyət əldə etməsində valideynlərin rolu çox böyükdür. Davamlı olaraq ailələrin maarifləndirilməsi və qarşılıqlı məlumat mübadiləsi aparılır. Ailələrə evdə uşaqlarının inkişafı və digər qabiliyyətlərinin formalaşması üçün müəyyən təlimlər keçirilir. Bu iş birliyi sayəsində uşaqların həqiqi potensiallarının ortaya çıxarılması sürətlənir.

Ruslan Bayramov

Bənzər yazılar