Dərc olunub: 05.04.2017

Azərbaycan Dillər Universitetində (ADU) Frankofoniya Mərkəzi açılıb.
Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Açılış mərasimində universitetin Fransa Məlumat Mərkəzinin mütəxəssisi Jalə Salmanova yeni mərkəz haqqında məlumat verdikdən sonra tələbələrin iştirakı ilə “Arşın mal alan” tamaşası fransız dilində təqdim olunub.
Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə direktoru Mohamməd Ketata mərkəzin açılışından məmnun olduğunu bildirib. O, hər il ADU-da Frankofoniya günlərinin təntənəli şəkildə qeyd olunduğunu vurğulayıb.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez tələbələrin hazırladığı tamaşanı yüksək qiymətləndiriblər.
Ə.Abdullayev ADU-nun nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. Universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən söz açan professor Fransa Məlumat Mərkəzinin fəaliyyətindən danışıb. O, ADU tələbələrinin fransız dilini maraqla öyrəndiklərini qeyd edib və onların Fransanın tarixi, mədəniyyəti haqqında biliklərə yiyələndiyini vurğulayıb. O, ADU-nun Fransanın Strasburq Universiteti ilə əlaqələrindən danışıb. Professor Fransanın Azərbaycandakı səfirliyi ilə universitet arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib.
M.Ketata rəhbərlik etdiyi agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verib. ADU ilə əməkdaşlıqdan məmnun olduğunu deyən qonaq fransız dilinin tədrisi üzrə təlimləri dəstəklədiyini bildirib. O, ADU ilə əməkdaşlığın inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkil olunması haqqında müzakirələr aparılıb.
Sonra M.Ketata ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış olub.
 
https://mektebgushesi.az/

Bənzər yazılar