Mikelancelo deyir ki, ruhun sirri bədənin hərəkətləri ilə ortaya çıxar. Ünsiyyət fəaliyyətini təmin edən ən əhəmiyyətli vasitə bədən dilidir. “Bədən dili” ilə əlaqədar edilən araşdırmalara əsasən,  insanların üz-üzə qurduqları əlaqədə sözlər 7%, səs tonu 38%, bədən dili 55% əhəmiyyət daşıyır.
 
Bədən dilinin öyrənilməsi üzrə mütəxəssis Babək Bayramovun fikrincə, bədən dili şüraltının dilidir. Bəzən bir hərəkət min sözü əvəz edir: “Biz mesajı bir var sözlə veririk, bir də var bədən dili ilə və səs tonu ilə. Sözlü hissəsinə biz mesaj deyiriksə, sözsüz mesaja metamesaj deyirik. Mən kompüterdə işləyirəm. Biri mənə sual verdikdə, gözümü kompüterdən ayırmadan “buyurun, sizi dinləyirəm” deyəndə əslində sözün mənasına baxaq. Verdiyim mesaj nədir? Vaxtım yoxdur, sözünü de, tez çıx get”.
 
Oturuşumuz, duruşumuz, mimikalarımız, jestlərimiz çox əhəmiyyətlidir. Bunların hamısı insanın cari əhvalını ifadə edir. İstəsək də, istəməsək də, üzümüzdə yaranan tutqun ifadə, ya da qəzəbimizi göstərən qaş düyünlənməsi, biz deməsək də, nə hiss etdiyimizi bizi müşahidə edənlərə “bağırtı” ilə izah edir: “Çünki insan dillə yalan deyə bilər, amma bədən yalan deyə bilməz. Bir xanımla bəy toya gedirlər, xanım baxır ki,  bunun bəyinə kənardan başqa bir xanım baxa bilir və hiss edir. Qısqanclıq hissi içəridə yaranarsa, fikir verirsinizsə, əlini atır bəyin pencəyindən nələrisə təmizləyir. Bunun özü də bir mesaj verməkdir ki, bu bizim balansımızdadır, siz diqqəti başqa bir tərəfə yönəldin”.
 
Həm bədənimizin, həm də dilimizin çölə həmişə eyni mesajı verdiyini deyə bilmərik. Bədənimiz dilimizin yalan danışdığını həmişə təsdiqləyir. İdeal olan isə bədənimizlə dediklərimizin bir-biri ilə uzlaşmasıdır. Ekspert yalan danışan adamların əlamətlərini də açıqlayıb: “Yalan danışan insan əlini ağzına tərəf gətirir. Sanki yalanı qapamış kimi olur. Yaxud yalan danışan insanın burnunun ucunda qaşınmalar baş verir. Əlin göz tərəfə gətirilməsi, sifətin gizlədilməsi, gözün yayındırılması, əgər əl-qolla danışan adamdırsa, birdən əl-qolun sakitləşməsi, yaxud sakit danışan adamdırsa, əl-qolun hərəkətə gəlməsi – bütün bunlar yalanın əlamətləridir”.
 
Mimikaların, jestlərin və digər hərəkətlərin ən təsirli ifadəsini bizə təqdim edən kəslər siyasətçilər, aktyorlar və gülüş ustalarıdır. Aktyor Ceyhun Dadaşov deyir ki, hələ qədimdən söz olmayan vaxtlarda qəbilələr fikirlərini bədən dili vasitəsilə çatdırıblar. Məsələn, qədin insanlar hansısa bir rəqslə onlar ova gedəcəklərini və kimin nə iş görəcəyini planlaşdırıblar. Zaman keçdikcə isə daha çox sözə üstünlük verilib. Buna baxmayaraq, indi də bədən dilindən aktiv istifadə olunur. Müstəntiq, təhqiqatçılar da bu üsuldan daha çox istifadə edir. Bundan başqa, şirkət rəhbərləri, biznesmenlər bədən dilinin öyrənilməsi üçün müxtəlif kurslar keçirlər. Müsahibimiz deyir ki, aktyor üçün bədən dilini düzgün istifadə etmək çox vacibdir: “Çünki adi insanlar danışanda onsuz da hərəkətlər yaranır. Amma aktyor səhnədə yalan danışır. Əgər sən səhnədə, misal üçün, kral, xan rolunu oynayırsansa, sən nökər kimi gəzə bilməzsən. Əgər nökəri oynayırsansa, sən kral kimi gəzə bilməzsən”.
Aktyor bəzi hərəkətlərin mənasını belə izah edir: “Ayaq üstə duranda bizim ayaq uclarımız yana baxarsa, o, düşünməyən adamdır. Həmin adam söhbətdən tez yayınmaq istəyir. Mən sizə qarşı əyilmişəm. Çünki sizinlə doğrudan söhbət edirəm. Mən nə sizi özümdən aşağı, nə də özümdən yuxarı sayıram. Əgər mən düşünsəm ki, sizi öyrədirəm, o zaman vəziyyətim dəyişə bilər, daha rahat şəkildə oturaram”.
Belə. Əsas odur ki, sözlərinizlə hərəkətləriniz üst-üstə düşsün!(APA)

 
https://mektebgushesi.az

Bənzər yazılar