Dərc olunub: 29.04.2017

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 25-dən 27-dək İsveçrədə səfərdə olub. Səfərin məqsədi dünyanın ən aparıcı peşə təhsili və təlimi sistemlərindən birinə malik olan İsveçrənin təcrübəsini öyrənmək, bu təcrübənin Azərbaycanda tətbiq olunması mexanizmlərini araşdırmaq və gələcəkdə qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək olub.
Səfər zamanı nümayəndə heyəti İsveçrə Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibliyinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri səfir Mauro Morutsi ilə görüşüb. Nümayəndə heyətinə İsveçrənin peşə təhsil və təlimi sistemi barədə məlumat verilib, təcrübi və nəzəri biliklərin kombinasiya edilməsinin xüsusiyyətləri, müxtəlif dövlət və özəl qurumlar arasında əməkdaşlığın çərçivələri barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində, nümayəndə heyəti Kənd Təsərrüfatı, Meşə və Qida Elmləri Məktəbi və İsveçrə Mehmanxanalar Assosiasiyasını ziyarət edib, hər iki sahə üzrə İsveçrədə tətbiq olunan yeniliklərin təqdimatı keçirilib.
Vintertur və Baden şəhərlərində yerləşən peşə təhsili məktəblərində görüş keçirən nümayəndə heyəti əyani olaraq İsveçrə modelinin fəaliyyət mexanizmləri, xüsusiyyətləri, federal və kantonal səviyyədə qarşılıqlı əməkdaşlıq formaları ilə tanış olub.
Aprelin 27-də Lozanna Mehmanxanaçılıq Məktəbinin fəaliyyəti ilə tanış olan Azərbaycan nümayəndə heyəti sözügedən təhsil müəssisəsi ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
Daha sonra nümayəndə heyəti Lozanna şəhərində İsveçrənin Peşə Təhsili üzrə Federal Agentliyində görüş keçirib, bu müəssisənin gördüyü işlərlə tanış olub. Həmin gün qonaqlar, həmçinin Bern şəhərində yerləşən Peşə İnformasiya Mərkəzində olublar. Nümayəndə heyətinə bildirilib ki, sözügedən mərkəz iş axtaran gənclərə məsləhət xidmətləri təqdim edir və onlara müvafiq iş tapılmasında kömək göstərir. Azərbaycan nümayəndə heyətinin səfəri Bern Texniki Məktəbi ilə tanışlıqla sona çatıb.
 
https://mektebgushesi.az

Bənzər yazılar