Dərc olunub: 02.05.2017

Bunu  xarici dil dərsliklərinin xarici ölkələrdən alınmasına münasibət bildirərkən filologiya elmləri doktoru, professor Bilal İsmayılov deyib.
O bildirib ki, təlimdə buna “şüurlu prinsip” deyirlər:
“Mən Lelinqrad məktəbini bitirmişəm. Məktəbin əsasını qoyan dilçi-alim Şerbanın belə bir fikri var idi ki, şagirdin beynindən ana dilini qoparıb çıxartmaq olmaz. Bir var, şüurlu prinsiplə dil öyrənmək, bir də var ki, tutuquşu kimi xarici dildə deyilənləri təkrar etmək. Belə metoddan istifadə etdikdə dil uzun müddət qalmır, unudulur. Onlar tərcüməni, mətn-qrammatikanı, ana dilinə söykənərək xarici dil öyrənməyi inkar edirlər. Ola bilər, hər metodun hansısa üstünlüyü olsun, lakin təkcə Fransız dilini şifahi mənimsəməklə dil öyrənmək düzgün deyil. Müəllim var ki, onun qrupuna dərsə girmişəm, uşaqların heç biri fransızca danışa bilmir. Müəllim özü danışır, lakin heç kim anlamır. Metoddan metoda fərq var. Elə müəllimlər var ki, bir metodla işləyir, deyir nəticə belə daha yaxşıdır. Müəllim də var ki, fərqli metodla dərsini daha yaxşı keçə bilir. Əgər tədris müəyyən bir elmi əsasa söykənmirsə, nəticəsi uğurlu olmaz.
Tələbələrə xarici dili öyrətmək üçün sözləri deyib, təkrar etdirməklə uzunmüddətli yadda qalan dil mənimsədə bilmərik. Belə ancaq şifahi nitq öyrətmək olar ki, getsinlər Kanadada, Fransada fəhləlik etsinlər. Axı biz mütəxəssis hazırlayırıq, fəhlə hazırlamırıq. Mütəxəssis hazırlamaq üçün şüurlu prinsip əsas götürülməlidir. Sistem və ya onun ayrı-ayrı hissələri öyrədildikdən sonra yerdə qalan çətin məsələ yalnız çoxlu söz, ifadə öyrənməkdir. Əgər çalışqan tələbədirsə, həmin ifadələri də öyrənməklə tam biliyini formalaşdıra bilir. Elmi, bədii ədəbiyyatı oxuya bilir. Halbuki 4-cü kursda oxuyan tələbə var ki, fransızca üzündən oxumağı bacarmır. Müəllim olaraq, məəttəl qalıram ki, bu uşaq 4-cü kursa qədər necə gəlib? Özündən soruşduqda isə deyir: “Müəllim neynirsən ki, soruşub, qiymət yazırsan yaz, yazmırsan başqasına pul verib yazdıracağam”. Bununla ölkə irəli getməz axı! Bisavad insanları auditoriyalara salacaqlar, onların yetişdirdiyi tələbədən nə olacaq?”
Qeyd edək ki, təhsilin məzmununda riyaziyyat, informatika, xarici dillərin tədrisi üzrə bir sıra layihələrə başlanılıb. Təhsil naziri Mikayıl Cabbarov deyib ki, ölkədə ilk dəfə olaraq xarici dilin tədrisində dil daşıyıcıları olan ölkələrdə, şirkətlərdə, universitetlərdə hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə olunan hazır məhsullardan istifadə imkanlarına baxılacaq. Hazır dərsliklər xarici ölkələrdən alınacaq və yerli mütəxəssislər tərəfindən rəy veriləcək.(sherq.az)

 

Bənzər yazılar