Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Coğrafiya Cəmiyyəti və Türkiyənin Ege Universitetinin ədəbiyyat fakültəsi coğrafiya bölümünün birgə təşkilatçılığı ilə Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri öz işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycan-Türkiyə Coğrafiya Günləri çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib. O, Azərbaycan coğrafiyasında aparılan elmi tədqiqatlardan, yeni nailiyyətlərdən bəhs edib.
İnstitutun yaranma tarixindən danışan akademik bildirib ki, bu elm müəssisəsi fiziki və insan coğrafiyası, xəzər dənizi problemləri və coğrafi informasiya sistemləri istiqamətləri üzrə fəaliyyət göstərir. Xəzər dənizi problemləri, Azərbaycan təbiətinin inkişaf proseslərinin öyrənilməsi və s. institutun əsas tədqiqat obyektlərindəndir.
Türkiyənin coğrafiyasında aparılan tədqiqat işlərindən danışan Ege Universitetinin professoru Mustafa Mutluer iki ölkənin elmi əlaqələrini yüksək dəyərləndirib.
Tədbirdə Azərbaycan və Türkiyə coğrafiyasında aparılan elmi tədqiqatların prioritet istiqamətləri, iqlim dəyişiklikləri, su çatışmazlığı, ekoloji çirklənmə, iqtisadi-coğrafi və demoqrafik problemlər və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirin birinci günü, mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycanın xarici siyasətinin prioritetləri, Türkiyədə turizmin vəziyyəti və s. mövzularda məruzələr dinlənilib.
Mayın 5-dək davam edəcək Azərbaycan-Türkiyə Coğrafiya Günləri çərçivəsində iştirakçılar N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və H.Əliyev adına Coğrafiya İnstitutunun biocoğrafi stasionarı ilə tanış olacaqlar. Həmçinin Lənkəran Dövlət Universitetində və Azərbaycan Coğrafiya Cəmiyyətinin Lənkəran filialında təşkil olunan görüşlərdə birgə tədqiqatların aparılması imkanları müzakirə ediləcək. Xəzər dənizi sahillərində və Lənkəran rayonunda çöl tədqiqatları aparılacaq.
 
https://mektebgushesi.az

Bənzər yazılar