Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edib.Təhsil naziri Mikayıl Cabbarov və Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə məlumat veriblər.
Bildirildi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti əsasını 1923-cü ildə yaradılan Bakı Teatr Məktəbindən götürüb. Universitet dördmərtəbəli binaya 1997-ci ildə köçsə də indiyə qədər burada heç vaxt əsaslı təmir işləri aparılmayıb. Bu ali məktəbin tədris korpusu əsaslı təmirdən sonra müəllimləri və tələbələri qəbul etməyə hazırdır. Ali təhsil ocağında təmir işlərinə düz bir il əvvəl – 2016-cı ilin mayında başlanılıb. Universitetdə 2 mindən çox tələbə təhsil alır, 300-ə yaxın pedaqoq çalışır. Ali təhsil ocağının beş – Rəssamlıq, Kulturologiya, Musiqi sənəti, Kino və televiziya, Teatr sənəti fakültələri var.
Korpusun foyesində yer alan “Rəşadətli Azərbaycan Ordusu” adlı stenddə 2016-cı ilin 2-5 və 27-28 aprel tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dağılan evləri və dinc əhaliyə dəyən ziyanı əks etdirən fotolar yer alıb. Stenddə Prezident, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cəbhə bölgəsinə səfərləri, həmçinin düşmənin darmadağın edilməsini əks etdirən fotolar təqdim olunur. Birinci vitse-prezident Mehriban Əliyeva tədris korpusundakı “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə yaradılan şəraitlə də maraqlanıb. Heydər Əliyev Mərkəzi 2015-ci ildən etibarən Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, irsinin dərindən öyrənilməsi, inkişaf etdirilməsi, tədqiqi və daha geniş auditoriyalarda təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Heydər Əliyev
məktəblərinin yaradılması layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi” yaradılıb. Bu Məktəbdə nümayiş olunan ekspozisiyalar və məlumatlar üzrə foto, video və çap materiallarının toplanması, sistemləşdirilməsi və müvafiq bölmələrdə yerləşdirilməsi ilə bağlı kompleks işlər görülüb. Bununla əlaqədar Azərbaycan Dövlət Kino-Foto Sənədlər Arxivindən, Azərbaycan Dövlət İnformasiya Agentliyindən, Prezident Administrasiyasının foto-arxiv şöbəsindən ulu öndər Heydər Əliyevə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin yeni dövrünə aid 150-yə yaxın foto seçilərək müvafiq bölmələrdə yerləşdirilib və xüsusi elektron lövhələrdə interaktiv şəkildə təqdim edilir.
Universitetdə kitabxana-informasiya mərkəzinin fondunda 40 mindən çox ixtisas ədəbiyyatı var. Onlardan 21 mini məhz bu mərkəzdə yerləşir. Kitabxanada Heydər Əliyevin zəngin irsini, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətə və incəsənətə diqqət və qayğısını əks etdirən 70-yə yaxın kitab yer alıb.
Universitetdə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “SABAH” qrupları da fəaliyyət göstərir. “SABAH” qrupları layihəsindən məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəricilərinə görə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Universitetin 31 tələbədən ibarət bu qrupu Lənkəranda, Mingəçevirdə və Polşada qastrol səfərlərində olublar. “SABAH” qrupu üçün mütəmadi olaraq ustad dərsləri də təşkil edilir.
Korpusun müxtəlif mərtəbələrində kino və televiziya ixtisasları üzrə xüsusi işıq və səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş və dərs otaqları var. Burada tələbələr müxtəlif əsərləri səhnələşdirəcək, çəkilişlər aparacaqlar. Tələbələr yaratdıqları əsərlərə sonradan elə həmin otaqlarda qurulan ekranlar vasitəsilə baxıb, onları müzakirə edə biləcəklər. Təmirdən sonra tədris korpusu ən müasir işıq, səs və ən müasir avadanlıqlar ilə təchiz edilən səhnə, 10-a yaxın yaradıcılıq otağı yaradılıb.
Zirzəmidə inventar otaqları, səsyazma studiyaları, operator otaqları, musiqi zalı yerləşir.
Əsaslı təmirdən sonra ali təhsil ocağında yaradılan şəraitdən məmnunluğunu bildirən Birinci vitse-prezident xanım Mehriban Əliyeva Universitetə fəaliyyətində uğurlar arzulayıb.
 
https://mektebgushesi.az

Bənzər yazılar