Ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 4-dən 22-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiqləməlidirlər.
Həmin müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər iyunun 4-də keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.
Qeyd edək ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri 50 test tapşırığı təqdim olunmaqla (müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər) yoxlanılacaq. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
 
https://mektebgushesi.az

Bənzər yazılar