Dərs müəllimin əsəridir. Belə deyib ustad pedaqoqlar. Və bununla müəllimə, onun təlim fəaliyyətinə, bir növ, yeni status veriblər. Əsər yaradıcılıq məhsuludur. Demək, müəllim dəyaradıcıdır. Əslində burada qeyri-adi bir şey də yoxdur. Müəllim elə yaradıcı olmalıdır. Xüsusən də müasir dövrdə, müasir dərsi demək üçün…
Son illər müəllimlər arasında keçirilən çoxlu sayda müsabiqələr, diaqnostik qiymətləndirmələr, tədris ocaqlarında aparılan monitorinqlər göstərir ki, məktəblərimizdə belə müəllimlər heç də az deyil. Və onların yüksək peşəkarlıq və səriştəni yaradıcılıqla birləşdirərək keçdikləri dərsləri elə əsər adlandırmaq olar.
Belə qabaqcıl müəllimlərin dərslərinin dinlənilib, təcrübələrinin yayılması digər müəllimləri də yaradıcı axtarışlara qoşmağa, nəticədə dərs – əsərlərin çoxalmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə şərait yarada bilər. Məhz bunu nəzərə alan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzi “Ən yaxşı dərs”lərin dinlənilməsini özünün fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib və aprelin 17-də bu işə start verib. Bu barədə verilən açıqlamalarda “Ən yaxşı dərs”lərin I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunduğu, dərslər dinlənildikdən sonra təhlil və müzakirəsinin aparıldığı, dinlənilən dərslərin müxtəlif meyarlar, o cümlədən dərsdə müəllimin innovativ üsul və vasitələrdən necə istifadə etməsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakına necə nail olması, seçilmiş mövzunun proqrama uyğunluğu və s. baxımından qiymətləndirildiyi qeyd olunur. Bəs, bu işə nə kimi hazırlıqla başlanılıb? On gündən çoxdur ki, start götürən dərsdinləmə prosesi necə gedir? Hansı müəllimlərin dərsləri və kimlər tərəfindən dinlənilir? Dərsdinləmə nə vaxtadək davam edəcək? Suallarımıza Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi aydınlıq gətirdi.
Onun dediklərindən məlum oldu ki, günün aktual mövzularından olan “Ən yaxşı dərs”lərin dinlənilməsi işinə ötən ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən başlanıb. Bir sıra məktəblərdə müəllimlərin dərsləri dinlənilib, bu işə valideynlər də cəlb olunub.
Təlimə Dəstək Mərkəzi fəaliyyətə başladıqdan sonra isə bu iş ona tapşırılıb. Layihəyə start verilməzdən əvvəl mərkəzdə bu işə necə başlanması, kimlərin dərslərinin dinlənilməsi, dinlənilən dərslərin hansı meyarlarla qiymətləndirilməsi və s. məsələlər ətrafında ciddi müzakirələr aparılıb, qabaqcıl təcrübələr araşdırılıb. Meyarlar dəqiqləşdirildikdən sonra layihəyə qoşulan məktəblər müəyyənləşdirilib. Bu məqsədlə reytinq cədvəli üzrə ilk beşliyə düşən məktəblər seçilib. Aprelin ilk ongünlüyündə həmin məktəblərin direktorları ilə görüş keçirilib və onlara layihəyə qoşulmaq təklif olunub. Təklif direktorlar tərəfindən razılıqla qarşılanıb. İlk addım olduğu üçün məktəbi və nümayiş etdiriləcək dərsi seçmək direktorların ixtiyarına buraxılıb. İbtidai siniflər, V-IX siniflər və X-XI siniflər sinif blokları kimi müəyyənləşdirilib. Fənlər bloku isə texniki və humanitar fənlər olmaqla müəyyən edilib. Sinif bloku və fənn bloku seçməkdə də direktorlara sərbəstlik verilib.
Eyni zamanda, məsələyə başqa yöndən də yanaşılıb və musiqi, fiziki tərbiyə, texnologiya, təsviri incəsənət, gənclərin çağırışaqədər hazırlığı fənlərinin məktəblərdə necə tədris olunmasının müəyyənləşdirilməsi maraq doğurduğundan, həmin fənlər bloku da diqqətdə saxlanılıb. Məsələni anlayışla qarşılayan direktorlar dərslərin nümayişi ilə bağlı öz təkliflərini veriblər.
Qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, müəllimlərin öz təcrübələrini həmkarları ilə bölüşməsi məqsədi ilə təşkil olunan bu “açıq dərs”lərdə müəllimin öz dərsini necə planlaşdırması, fəal dərsin mərhələlərinə necə əməl etməsi, motivasiyanı necə qurması, müxtəlif innovativ üsul və vasitələrdən necə istifadə etməsi, mövzunu şagirdlərə necə çatdırması, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakını necə təmin etməsi, uşaqları qruplarda çalışdırması, tədris materiallarını şagirdlərin hazırlıq səviyyəsinə necə uyğunlaşdırması, ev tapşırıqlarını hansı forma və həcmdə verməsi kimi məsələlərə xüsusi əhəmiyyət verilib.
S.Bektaşinin dediyinə görə, belə bir yanlış yanaşma var ki, əgər fənn kurikulumlarının tətbiqindən söhbət gedirsə, deməli şagirdlər sinifdə mütləq qruplar şəklində oturmalıdır. Əslində isə dərslərdə şagirdlərə verilən tədqiqat sualı ilə bağlı onun həqiqətənmi bu tədqiqatı aparıb-aparmaması, bu gün onun apardığı tədqiqatın şagird üçün nə dərəcədə səmərəli olması kimi nüanslara daha çox diqqət yetirilməlidir.
Bütün bunlar haqqında fikirlərini bölüşən S.Bektaşi məktəblərdə maraqlı dərs nümunələrinə rast gəldiklərini, dinlənilən dərslərdə gənc müəllimlərin üstünlük təşkil etdiyini sevindirici hal kimi dəyərləndirdi. Qeyd etdi ki, onlar dərsə yaradıcı yanaşır, interaktiv lövhələrdən bacarıqla istifadə edir və şagirdləri də bu işə cəlb edirlər. TDM rəhbərinin fikrincə, gənc müəllimlərin bu gün çətinlik çəkmədən öz peşəkarlıqlarını yüksək səviyyədə nümayiş etdirməsi Azərbaycanın mükəmməl təhsil modelinin yaxın illərdə yaradılacağından xəbər verir.
Qeyd edək ki, “Ən yaxşı dərs” layihəsinə paytaxtın Suraxanı rayonundan başlanıb. Eyni zamanda 2 məktəbdə-317 və 87 nömrəli tam orta məktəblərdə paralel olaraq dərslər keçilib. Mərkəzin əməkdaşları iki qrupa bölünərək dərslərdə iştirak ediblər. Hər iki məktəbdə eyni proses gedib. Sonrakı günlərdə Xətai rayonundakı 261, Xəzər rayonundakı 234 nömrəli məktəblərdə, Nərimanov rayonundakı 291 nömrəli “Ekologiya” liseyi və Məktəb-Lisey Kompleksində, Binəqədi rayonundakı 83 və 267 nömrəli məktəb-liseylərdə proses davam etdirilib. İndiyədək (aprelin 29-dək) ümumilikdə 70-ə yaxın dərs dinlənilib. Dərslər dinlənildikdən dərhal sonra müzakirələr aparılır. Müzakirələrdə mərkəzin əməkdaşları ilə yanaşı, dərs aparılan məktəblərin direktorları, tədris işləri üzrə direktor müavinləri, metodbirləşmə sədrləri, qonşu məktəblərdən müəllimlər də iştirak edirlər.
Müzakirələr zamanı dərs geniş təhlil olunur, uğurları və çatışmayan cəhətləri qeyd edilir, müəllimə müvafiq tövsiyələr verilir. Müəllimlər bu müzakirələrdən çox razı qalırlar.
Müzakirələr zamanı habelə problemlər də aşkar edilir və növbəti mərhələdə məktəblərlə işin hansı istiqamətdə qurulacağı müəyyənləşdirilir.(muellim.edu.az)

Yusif ƏLİYE

 

Bənzər yazılar