8 may 1992-ci ildə Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı. Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və iyrimi məktəb  dağıdılmışdır.
Azərbaycanda və Cənubi Qafqazda, ilk olaraq şəhər məktəbi 1874-cü ildə Şuşada yaradılımışdır. 1830-cu ildə əsası qoyulan Şuşa qəza məktəbi əvvəlcə üç sinifli, 1878-ci ildən isə dörd sinifli şəhər məktəbinə çevrildi.
Üç sinifli şəhər məktəbində təhsil müddəti hər sinifdə 2 il idi. 1878/79-cu tədris ilindən (dörd sinifli olduqdan) sonra isə 3 və 4-cü siniflərdə bu müddət bir il oldu. Məzmununa görə qəza məktəblərini xeyli geridə qoymuş Şuşa şəhər məktəbində şəriət, oxu, yazı, rus dili, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, fizika, rəsm, rəsmxətt, nəğmə, gimnastika və s. tədris edilirdi.
Şuşa qəza məktəbində, əsasən, ana dili, rus dili və fransız dilinin tədrisi üstünlük təşkil edirdi. Şuşa sakinləri məktəblərdə ana dilinin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Bu baxımdan, Şuşa məktəbinin müəllimləri Mirzə Həsən bəy Əmirov və Mirzə Aslan bəy Əmirov ana dilinin müvəffəqiyyətli təlimi sahəsində çox məşhur idilər. Fransız dili bölgə tacirlərinin Fransa ilə ticarət əlaqələri yaratması üçün zəruri amil idi və əhalinin əlavə vəsaiti hesabına tədris olunurdu.
Şəhər məktəbində təhsil pullu idi. Şuşada şəhər məktəbi açılarkən hər şagirddən alınan illik təhsil haqqı 5 manat idisə, bu məbləğ 1876-cı ildə 8, 1878-ci ildə isə 12 manat olmuşdu. Pedaqoji şuranın qərarı ilə kasıbların təhsil haqqından azad edilməsinə baxmayaraq, şagirdlərin böyük əksəriyyətindən təhsil haqqı alınırdı. Lakin buna baxmayaraq, şəhər məktəbində şagirdlərin sayı ilbəil artırdı. Təsis edildiyi ilk illərdə Şuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu, Rusiyada dövrünün ən çox şagird kontingenti olan məktəbi idi.
Şuşa şəhər məktəbində 1875-ci il mayın 6-da kasıb zadəgan övladlarının təhsil aldıqları konvinkt təşkil edildi. Onlar dövlət hesabına pansionda yaşayıb təhsil alırdılar.
Şəhər məktəblərinin nəzdində kitabxanalar təşkil edilirdi. Şagird kitabxanasının zənginliyi ilə fərqlənən Şuşa məktəbi tədris vəsaiti və fənn kabinetləri ilə çox yaxşı təchiz olunmuşdu.
1880-ci ildəŞuşa şəhər məktəbinin nəzdində xüsusi musiqi sinifləri açıldı. Bu siniflərin Şuşada professional musiqi hazırlığı olan musiqiçilər nəsli yetişməsində rolu əhəmiyyətli və danılmazdır.
 
https://mektebgushesi.az
 
 

Bənzər yazılar