Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri ADNSU və Fransa-Azərbaycan Universitetinin (UFAZ) tanıtımı çərçivəsində Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəb, Bakı şəhəri 2 nömrəli Texniki Humanitar Lisey və Bakı şəhəri 189-190 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüşüblər.
Görüşlərdə UFAZ-ın direktoru Vazeh Əsgərov, Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov, UFAZ-ın Tədris Departamentinin rəhbəri Lətifə Nəsibova və İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Elnur Səfərli iştirak edib.
ADNSU-nun qədim tarixə malik olduğunu bildirən E.Səfərli şagirdlərə universitetdə fəaliyyət göstərən fakültələr və ixtisaslar barədə geniş məlumat verib. Bununla yanaşı ali məktəbin qoşulduğu beynəlxalq proqramlar və universitetin nəzdində yaranmış klublar (İT club, eazi START, Məzun karyera mərkəzi) haqqında danışan E.Səfərli ADNSU-da tələbələrin özlərini inkişaf etdirə və təcrübə əldə edə bilmələri üçün hər cür şəraitin mövcud olduğunu qeyd edib. “Tələbələrin işlə təmin olunması məsələsi ADNSU üçün ən həssas mövzulardan biridir. Rəhbərlik bu istiqamətdə bir çox şirkətlərlə əməkdaşlıq edir. Bu əməkdaşlığın ən bariz nəticəsidir ki, hazırda I kursda təhsil alan magistrantlarımızdan 78%-i, II kursların isə 97%-i işlə təmin olunub. Bununla yanaşı bir çox tələbəmiz günün ikinci hissəsi ixtisaslarına uyğun nüfuzlu şirkətlərdə təcrübə keçərək öz biliklərini bir qədər də möhkəmləndirə bilirlər” deyə vurğulayıb.
2014-cü ildə Fransa və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Fransa-Azərbaycan Universiteti barədə danışan Vazeh Əsgərov burada tədrisin fransız proqramları əsasında aparıldığını və UFAZ məzunlarının iki diplom (Strasburq Universiteti və ADNSU) aldıqlarını qeyd edib. Vazeh Əsgərov UFAZ-da təhsilin üstünlüklərindən, ixtisaslardan və qəbul qaydalarından danışıb. Hazırda UFAZ-da 141 tələbənin təhsil aldığını qeyd edən direktor bu yerlərdən 120-nin ödənişsiz əsaslarla olduğunu bildirib. Fransız təhsil sisteminə uyğun olaraq aparılan dərslərin Fransadan dəvət olunmuş mütəxəssislər tərəfindən keçirildiyini bildirən V.Əsgərov bütün dərslərin ingilis dilində tədris olunduğunu lakin paralel olaraq fransız dilində kursların fəaliyyət göstərildiyini əlavə edib. “Siz UFAZ-dan məzun olduqdan sonra artıq həm ingilis həm də fransız dillərində səlis danışmaq imkanı əldə edəcəksiniz” deyə V.Əsgərov vurğulayıb.
UFAZ-da yeni yaranan lakin artıq müxtəlif tədbirlər təşkil edən Tələbə Cəmiyyətinin fəaliyyətindən də söz açan direktor UFAZ-da keçirilən Frankafoniya həftəsindən və tələbələrin sosial fəaliyyətlərindən də danışıb.
Sonda şagirdləri maraqlandıran suallar nümayəndələr tərəfindən cavablandırılıb.
 
https://mektebgushesi.az

Bənzər yazılar