Bakı Ali Neft Məktəbində (BANM) yay imtahan sessiyası davam edir. Neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarının bakalavrları Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə onlar üçün imtahanlar həmin universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınmaqla eyni saatda aparılır. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.
Heriot-Vatt Universitetindən BANM-ə ezam edilmiş dörd müəllim – mühəndislik və təbiət elmləri fakültəsinin tədris və təlim üzrə meneceri Patrisiya Dankan, mühəndislik və təbiət elmləri fakültəsinin İnzibati işlər, tədris və təlim üzrə köməkçisi İren Foks, neft-qaz mühəndisliyi kafedrasının baş direktoru, professor Con Ford, mexanika, mühəndislik və təbiət elmləri fakültəsinin mexanika, proses və enerji mühəndisliyi kafedrasının professoru Qrem Vayt orada tərtib olunmuş suallar əsasında imtahanları təşkil edir, onların gedişinə nəzarət edirlər. Tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirilmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu cür təşkili nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.
Qeyd edək ki, imtahanlar mayın 16-dək davam edəcək.
http://mektebgushesi

Bənzər yazılar